Kökəltmə məqsədilə idxal olunan heyvanlara vergi güzəşti ediləcək
Azərbaycanda heyvan satışından əldə edilən gəlirin 50 faizinə, eləcə də kökəltmə məqsədilə ölkəyə idxal olunan heyvanlara 3 il müddətinə vergi güzəşti tətbiq edilməsi təklif olunur.
Operativ Media xəbər verir ki, bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Sənəd 2027-ci ilin büdcə zərfinə daxildir.
Layihəyə əsasən, güzəştlər Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatda olan heyvandarlıq təsərrüfatlarının aldığı heyvanlara şamil ediləcək.
Qanun layihəsində qeyd olunub ki, kənd təsərrüfatı sahəsində uzun müddət tətbiq edilən tam vergi azadolmaları aqrar sektorun inkişafına töhfə versə də, rəqəmsal uçotun tam formalaşmaması və gəlirlərin rəsmi bəyan edilməsinin aşağı səviyyədə qalması kimi problemlər yaradıb.
Bu baxımdan, kənd təsərrüfatı sektorunda tam vergi azadolmasının birdəfəlik ləğvi deyil, mərhələli vergitutma mexanizminə keçid təklif olunur.
Belə ki, gəlir və mənfəət vergisi üzrə mövcud 100 faizlik güzəştin 2027-ci il yanvarın 1-dən etibarən 5 il müddətinə 90 faizə endirilməsi nəzərdə tutulur. Bu halda istehsalçıların gəlir və ya mənfəətinin yalnız 10 faizi ümumi qaydada vergiyə cəlb olunacaq.
Bununla yanaşı, sadələşdirilmiş vergi üzrə tam azadolmanın, istehsalçıların öz məhsullarının satışına tətbiq edilən ƏDV güzəştinin, istehsal prosesində istifadə olunan əmlaka görə vergi azadolmasının, eləcə də kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışında ƏDV-nin yalnız ticarət əlavəsindən hesablanması mexanizminin əlavə 5 il müddətinə saxlanılması təklif edilir.