Deputat fermerlərin vergidən azad edilmə müddətinin uzadılmasını təklif edib
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, deputat Tahir Rzayev fermerlərin kənd təsərrüfatı məhsullarının istehsalından əldə etdikləri gəlir və ya mənfəətin 10 faiz vergiyə cəlb edilməsinin onların fəaliyyətini çətinləşdirə biləcəyini bildirib.
Operativ Media xəbər verir ki, deputat bu barədə parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı danışıb.
Tahir Rzayev qeyd edib ki, fermerlər gübrə, yanacaq, texnika, suvarma və işçi qüvvəsinə xeyli vəsait sərf edir, eyni zamanda istehsal etdikləri məhsulları vaxtında sata bilmirlər. O, bu səbəbdən kənd təsərrüfatı istehsalçılarının vergidən azad edilmə müddətinin daha bir neçə il uzadılmasını xahiş edib.
Deputat yun və gön-dəri məhsullarının iqtisadiyyata fayda verə biləcək resurslar olduğu halda tullantıya çevrildiyini diqqətə çatdırıb. O, fermerlərin yetişdirdikləri tərəvəz, bostan və meyvə məhsullarının tədarükü, emalı və saxlanılmasının dövlət tərəfindən təmin edilməsini təklif edib. Bildirib ki, bu, dövlət büdcəsinə əlavə gəlir gətirə bilər.
Tahir Rzayev kommunal, yaşıllaşdırma və su təsərrüfatı xidmətləri sahələrində aparılan ixtisarların da mənfi nəticələrə səbəb olduğunu vurğulayıb. Onun sözlərinə görə, yanacaq təminatının azaldılması tullantıların daşınmasını, yaşıllıqların qorunmasını və suvarılmasını çətinləşdirib. Deputat Bakı-Gəncə magistral yolunun kənarında quruyan ağacları buna nümunə göstərib.
Çıxışında məktəb dərsliklərinin hazırlanması və nəşri məsələsinə də toxunan deputat bəzi dərsliklərə daxil edilən bədii nümunələrin milli-mənəvi dəyərlərə uyğun olmadığını bildirib. O, bu sahədə ciddi araşdırma aparılmasını və əsaslı tədbirlər görülməsini istəyib.
Tahir Rzayev 2027-ci ilin dövlət büdcəsi layihəsini dəstəkləyəcəyini bildirib və həmkarlarını da büdcə zərfinin lehinə səs verməyə çağırıb.