Menyu

Azərbaycan və İtaliya şirkətləri arasında yeni birgə layihələr həyata keçiriləcək

Nərmin Qocamanlı
Azərbaycan və İtaliya şirkətləri arasında yeni birgə layihələr həyata keçiriləcək
1 dəq oxu

Azərbaycan və İtaliya arasında biznes əlaqələrinin genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması, sənaye, nəqliyyat-logistika, kritik minerallar, turizm və əczaçılıq sahələrində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Operativ Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda italiyalı həmkarı Antonio Tayani ilə birgə mətbuat konfransında bildirib.

O qeyd edib ki, biznes forumunda 200-dən çox şirkətin nümayəndəsi iştirak edib, bir sıra anlaşma memorandumları imzalanıb. Sənədlərin imzalanmasından qısa müddət keçdiyi üçün nəticələrini qiymətləndirmək hələ tezdir, lakin yaxın zamanda əməkdaşlığın konkret nəticələrinin görüləcəyinə əmindir.

Nazir bildirib ki, İtaliya şirkətləri sənaye, mühəndislik, texnologiya və avadanlıq təchizatı sahələrində qabaqcıl mövqeyə malikdir və Azərbaycanda həyata keçirilən bir sıra layihələrdə fəal iştirak edirlər.

O, Azərbaycanın gübrə istehsalı və ixracı, eləcə də kritik mineralların daşınması, emalı və əlavə dəyərli məhsullara çevrilməsi sahəsində böyük potensialının olduğunu vurğulayıb. Bu istiqamətlərdə İtaliya ilə əməkdaşlıq imkanlarının müzakirə edildiyini bildirib.

Ceyhun Bayramov turizm, əczaçılıq və digər sahələrdə də əməkdaşlıq perspektivlərinin geniş olduğunu, gələcəkdə yeni birgə layihələrin həyata keçiriləcəyini qeyd edib.

Əlaqəli Xəbərlər