Menyu

Ateroskleroz və damar sağlamlığı: risk faktorları və qarşısının alınması

Ayşən Sadıxzadə
Ateroskleroz və damar sağlamlığı: risk faktorları və qarşısının alınması
1 dəq oxu

Ateroskleroz uzun illər ərzində heç bir əlamət vermədən inkişaf edə, nəticədə infarkt və insult kimi ciddi sağlamlıq problemlərinə yol aça bilər. Damar divarlarında xolesterin və digər maddələrin toplanması ilə xarakterizə olunan bu xəstəlikdən qorunmaq üçün risk faktorlarını vaxtında müəyyənləşdirmək və profilaktik tədbirlərə əməl etmək vacibdir.

Bu sözləri Operativ Media-ya kardioloq Günay Məhərrəmova deyib.

O bildirib ki, ateroskleroz müasir dövrdə geniş yayılmış ürək-damar xəstəliklərindən biridir. Bu xəstəlik damarlarımızda illər ərzində səssiz şəkildə inkişaf edə bilər:

“Ateroskleroz zamanı damar divarlarında lipidlərin, xüsusilə LDL-xolesterinin toplanması, iltihabi proseslərin yaranması və aterosklerotik lövhələrin formalaşması baş verir. Zaman keçdikcə bu proses damarların daralmasına, qan dövranının pozulmasına, bəzi hallarda isə infarkt və insult kimi ciddi fəsadlara səbəb ola bilər.

Xəstəliyin ən təhlükəli tərəflərindən biri uzun müddət heç bir əlamət vermədən inkişaf etməsidir. İnsan özünü sağlam hiss etsə də, yüksək xolesterin, arterial hipertenziya, şəkərli diabet və digər risk faktorları damar sağlamlığına mənfi təsir göstərə bilər. Buna görə də tibbi müayinələr yalnız şikayətlər yarandıqda deyil, mövcud risklərin qiymətləndirilməsi məqsədilə də aparılmalıdır.

Aterosklerozun əsas risk faktorlarına LDL-xolesterinin yüksək olması, arterial təzyiqin yüksəlməsi, şəkərli diabet, siqaret istifadəsi, artıq çəki, fiziki aktivliyin azlığı, qeyri-sağlam qidalanma, stress və irsi meyillilik daxildir. Xüsusilə ailəsində erkən yaşlarda ürək-damar xəstəlikləri müşahidə olunan şəxslər sağlamlıqlarına daha diqqətlə yanaşmalıdırlar.

Damar sağlamlığının qorunmasında profilaktik tədbirlər mühüm rol oynayır. Düzgün və balanslı qidalanma, müntəzəm fiziki aktivlik, siqaretdən imtina, arterial təzyiqin, qan şəkərinin və lipid profilinin nəzarətdə saxlanılması əsas şərtlərdəndir. Risk faktorları olan şəxslərdə həkim tərəfindən fərdi risk qiymətləndirilməsi aparılmalı, zərurət yarandıqda müvafiq müalicə təyin edilməlidir.

Mənim pasiyentlərə əsas tövsiyəm budur: sağlamlığınızı yalnız simptomlara əsasən qiymətləndirməyin. Özünüzü yaxşı hiss etməyiniz bütün risklərin olmadığı anlamına gəlmir. Profilaktik müayinələr, risk faktorlarının vaxtında aşkarlanması və sağlam həyat tərzinə riayət edilməsi damar sağlamlığının qorunmasında mühüm əhəmiyyət daşıyır.

Damar sağlamlığına diqqət yetirmək əslində gələcək həyatımıza, həyat keyfiyyətimizə və uzunömürlülüyümüzə qoyulan sərmayədir”.

Əlaqəli Xəbərlər