Menyu

Elman Nəsirov: Ermənistanın yeni konstitusiyası regionda sülh üçün imkan yarada bilər

Xəbərlər redaksiyası
Elman Nəsirov: Ermənistanın yeni konstitusiyası regionda sülh üçün imkan yarada bilər
1 dəq oxu

Ermənistanın yeni konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılması regionda uzunmüddətli və dayanıqlı sülhün təmin olunmasına zəmin yarada bilər.

Operativ Media xəbər verir ki, bunu Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Elman Nəsirov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, noyabrın 23-də Ermənistanda yeni konstitusiya layihəsinin ictimai müzakirəyə təqdim edilməsi gözlənilən hadisə idi. Onun sözlərinə görə, bu, 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşmalar, xüsusilə sülh sazişinin paraflanması ilə bağlı öhdəliklərdən irəli gəlir.

Elman Nəsirov xatırladıb ki, paraflanmış sülh sazişinin birinci maddəsində tərəflərin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıması, ikinci maddəsində isə qarşılıqlı ərazi iddialarından imtina etməsi nəzərdə tutulur.

Deputat qeyd edib ki, Ermənistanın yeni konstitusiya layihəsindən Azərbaycana qarşı ərazi iddialarının yer aldığı Müstəqillik Bəyannaməsinə istinadın, o cümlədən 11-ci bəndin çıxarılması Vaşinqton razılaşmalarının tələbləri ilə əlaqəlidir.

O, Ermənistanın baş nazirinin Vaşinqtonda sülh sazişinin imzalana biləcəyinə dair fikirlərini də xatırladaraq, Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları qaldığı müddətdə sülh sazişinin imzalanmasının mümkün olmadığı barədə prinsipial mövqeyini vurğulayıb.

Elman Nəsirov münasibətlərdə yeni səhifənin açılması istiqamətində artıq müəyyən addımların atıldığını bildirib. O, noyabrın 12-də Dublində Azərbaycan və Ermənistan liderlərinin görüşünü, noyabrın 7-də TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı iki işçi qrupun yaradılmasını və həmin qrupların fəaliyyətə başlaması barədə razılaşmanı qeyd edib.

Deputatın sözlərinə görə, ötən ilin noyabrından bu ilin noyabrına qədər 105 ton yük Azərbaycandan keçməklə Ermənistana maneəsiz daşınıb.

Elman Nəsirov hesab edir ki, Ermənistanın yeni konstitusiyasının qəbul edilməsi və referendumda təsdiqlənməsi regionda uzunmüddətli və dayanıqlı sülhün bərqərar olması üçün real imkan yarada bilər.

Əlaqəli Xəbərlər