Deputat: Azərbaycan onlayn xidmətlər indeksində 56 pillə irəliləyib
Azərbaycan onlayn xidmətlər indeksində 194 ölkə arasında 11-ci yerə yüksəlib. Ölkə iki il əvvəl 67-ci sırada olduğu halda, 56 pillə irəliləyərək bir çox inkişaf etmiş ölkəni geridə qoyub.
Operativ Media xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Azay Quliyev parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, Azərbaycan onlayn xidmətlər indeksində ABŞ, Böyük Britaniya, Kanada, Norveç və Avstraliya kimi ölkələri geridə qoyub. Onun sözlərinə görə, xidmətlərin təqdim edilməsi alt indeksi üzrə ölkə dünyada 10-cu, institusional çərçivə üzrə isə 1-ci yerdə qərarlaşıb.
Azay Quliyev bu nəticələrin Azərbaycanın rəqəmsal keçid sahəsində həyata keçirdiyi strategiyanın beynəlxalq səviyyədə tanınmasının göstəricisi olduğunu vurğulayıb. O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə görülən işlər konkret nəticələr verir.
Deputat xatırladıb ki, bu ilin fevralında “Azərbaycanın yeni rəqəmsal arxitekturası” ilə bağlı xüsusi müşavirə keçirilib, vahid fəaliyyət planının təsdiqi, rəqəmsal inkişaf konsepsiyası və bu istiqamətdə görüləcək tədbirlər müzakirə olunub.
O, həmçinin bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Rəqəmsal İnkişaf Şurasının əsas məqsədi dövlət qurumları arasında fəaliyyətin əlaqələndirilməsi və vahid dövlət siyasətinin vaxtında, effektiv həyata keçirilməsidir.
Azay Quliyevin sözlərinə görə, rəqəmsal keçid və süni intellekt Azərbaycanının xarici siyasət və beynəlxalq əməkdaşlıq gündəliyində də prioritet istiqamətlərdəndir. Son iki ildə Çin, ABŞ, Vyetnam, Böyük Britaniya və Özbəkistanla imzalanan sənədlərdə rəqəmsal keçid və süni intellekt sahəsində əməkdaşlıq ayrıca istiqamət kimi əksini tapıb.
Deputat əldə olunan nəticələr münasibətilə Prezident İlham Əliyev başda olmaqla, bu sahədə əməyi olan şəxsləri təbrik edib.