Menyu

Ceyhun Bayramov: Azərbaycan-Gürcüstan nəqliyyat əməkdaşlığı yeni istiqamətlər üzrə genişlənir

Operativ Media
Ceyhun Bayramov: Azərbaycan-Gürcüstan nəqliyyat əməkdaşlığı yeni istiqamətlər üzrə genişlənir
1 dəq oxu

Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi nəqliyyat layihələri regionun tranzit imkanlarının genişlənməsində mühüm rol oynayır. Geosiyasi dəyişikliklər fonunda Şərq-Qərb nəqliyyat dəhlizinə maraq artıb, iki ölkə arasında yükdaşımaların həcmi yüksəlib.

Operativ Media xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov gürcüstanlı həmkarı Maka Boçorişvili ilə birgə mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, Azərbaycan-Gürcüstan enerji və logistika layihələri uzun müddətdir uğurla fəaliyyət göstərir və hər iki ölkənin tranzit imkanları baxımından mühüm əhəmiyyət daşıyır. Dünyada baş verən geosiyasi dəyişikliklər isə bu nəqliyyat dəhlizlərinə marağı daha da artırıb.

Ceyhun Bayramov Şərq-Qərb dəhlizinin inkişafı istiqamətində Azərbaycan və Gürcüstanın birgə fəaliyyətinin əhəmiyyətini vurğulayıb. O, Bakı–Tbilisi–Qars dəmir yolunun Gürcüstan hissəsinin genişləndirilməsi işlərinin yükdaşımaların artmasına töhfə verdiyini bildirib.

XİN rəhbəri 2026-cı ildə iki ölkə arasında qarşılıqlı səfərlərin, təmasların intensivliyinin və insanlar arasında əlaqələrin genişlənməsinin də müsbət qonşuluq münasibətlərinin göstəricisi olduğunu qeyd edib.

Bayramov bildirib ki, əvvəllər Azərbaycan-Gürcüstan nəqliyyat əməkdaşlığı əsasən Avropa ilə Mərkəzi Asiya, eləcə də Avropa və Asiya arasında əlaqələrin təmin olunması kontekstində nəzərdən keçirilirdi. Lakin Cənubi Qafqazda yaranan yeni reallıqlar tranzit marşrutlarının əhatəsini genişləndirib.

Nazirin sözlərinə görə, Azərbaycanın Ermənistana yüklərin tranzitinə icazə verməsindən sonra daşımalar Azərbaycan və Gürcüstanın nəqliyyat sistemlərindən istifadə edilməklə həyata keçirilir. Həmçinin uzun illərdən sonra Azərbaycandan Ermənistana avtomobil nəqliyyatı ilə yük göndərilməsinə başlanılıb. Bu daşımalar Gürcüstan ərazisindən tranzit keçməklə həyata keçirilib.

Ceyhun Bayramov qeyd edib ki, bu proseslər Gürcüstanın regionda tranzit rolunu, həmçinin yeni iqtisadi reallıqların formalaşmasında və etimad quruculuğunda iştirakını nümayiş etdirir.

Əlaqəli Xəbərlər