Azərbaycan və Gürcüstan arasında 18 yeni sənəd imzalanacaq
Azərbaycan və Gürcüstan arasında 145 sənəd qüvvədədir, daha 18-i hazırlanır.
Operativ Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda gürcüstanlı həmkarı Maka Boçorişvili ilə birgə mətbuat üçün brifinqdə deyib.
“Azərbaycan-Gürcüstan münasibətlərinin çox böyük gündəliyi mövcuddur. Təbii ki, siyasi dialoq çox yüksək səviyyədədir, biz burada ciddi dinamikanı müşahidə edirik. Son illərdə qarşılıqlı yüksəksəviyyəli səfərlər bunun bariz nümunəsidir”, – nazir vurğulayıb.
O, iki ölkə arasında parlamentlərarası əlaqələrin də intensiv xarakter daşıdığını və müxtəlif sahələrdə əməkdaşlığın mövcud olduğunu bildirib.
Nazir əlavə edib ki, Azərbaycan və Gürcüstan arasında hazırda 145 sənəd və razılaşma qüvvədədir, daha 18 sənəd üzərində iş aparılır. Onun sözlərinə görə, bu sənədlərin yaxın zamanda yekunlaşdırılaraq qüvvəyə minməsi gözlənilir.