İranın Sistan və Bəlucistan əyalətində cümə günü baş verən iğtişaşlar zamanı azı 19 nəfər ölüb, 20-dən çox adam yaralanıb.
“Operatov media”nın “Al-Alam” telekanalına istinadən məlumatına görə, ölənlər arasında İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) polkovniki Seyid Əli Musəvi də var.
Telekanal qeyd edib ki, axşam saatlarında bir neçə silahlı şəxs Zahedan şəhərində polis məntəqələrindən birinə atəş açıb. Sistan və Bəlucistan əyalətinin polis rəisi Əhməd Taheri bildirib ki, bir qrup mömin məscidin yaxınlığında atəşə tutulub.
Əyalət rəhbərliyi hadisəni terror aktı adlandırıb. SEPAH-ın Hərbi Hava Qüvvələrinə məxsus helikopterlərin hücumçuları axtarmaq üçün şəhərin səmasında patrul xidməti keçirdiyi bildirilir.
Qeyd edək ki, İranda etirazlar sentyabrın 17-də 22 yaşlı Məhsa Əmininin dəfnindən sonra başlayıb. Rəsmi versiyaya görə, o, baş örtüyünü düzgün taxmadığına görə polis tərəfindən saxlanılıb. O, dindirilmə zamanı infarkt keçirib və bu səbəbdən dünyasını dəyişib. Lakin sosial şəbəkələrdə Əmininin polis tərəfindən döyüldüyü barədə məlumat yayılıb.
İran Prezidenti İbrahim Rəisi hadisənin hərtərəfli araşdırılmasına göstəriş verdiyini bildirib və təhqiqatın nəticələrini gözləməyə çağırıb.