Estoniya XİN rəhbəri: Azərbaycanla əməkdaşlığın inkişafı üçün böyük imkanlar var
Estoniya Azərbaycanla münasibətlərin son bir ildə əhəmiyyətli dərəcədə inkişaf etdiyini və əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanların yarandığını düşünür.
Operativ Media xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.
O qeyd edib ki, ölkələr arasında uzun tarixə əsaslanan münasibətlər, şəxsi əlaqələr, ortaq maraqlar və qarşılıqlı anlayış mövcuddur.
Nazir bildirib ki, tərəflər əməkdaşlığın daha da inkişaf etdirilməsi yollarını araşdırmaqda maraqlıdırlar. Onun sözlərinə görə, son bir ildən artıq müddətdə ikitərəfli münasibətlər əhəmiyyətli dərəcədə irəliləyib. Bu ay Tallində Hökumətlərarası Komissiyanın iclasının keçirilməsi də əməkdaşlığın praktiki inkişafına töhfə verib.
Marqus Tsahkna dövlət və özəl sektorlar arasında əməkdaşlığın genişləndiyini, ortaq maraqlar üzrə konkret layihələrin həyata keçirilməsi imkanlarının artdığını vurğulayıb.
O, enerji sahəsində Azərbaycanın təcrübəsinin öyrənilməsi, qlobal ticarət və iqtisadiyyatda dəyişikliklər fonunda yeni nəqliyyat dəhlizlərinin yaratdığı perspektivlər, eləcə də Ermənistanla normallaşma prosesinin regionda yeni imkanlar açdığını qeyd edib.
Estoniya XİN rəhbəri regionla əlaqələrin inkişafının ölkəsi üçün əhəmiyyətli olduğunu vurğulayaraq, Azərbaycanla əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib.