Menyu

XİN başçısı: Azərbaycan ATƏT-ə sədrliyə namizədliyinin irəli sürülməsinə müsbət yanaşır

Operativ Media
XİN başçısı: Azərbaycan ATƏT-ə sədrliyə namizədliyinin irəli sürülməsinə müsbət yanaşır
1 dəq oxu

Azərbaycan ATƏT-ə sədrliyə namizədliyinin irəli sürülməsi təklifini müsbət qarşılayır və təşkilatın gələcəyinə töhfə verməyə hazırdır.

Operativ Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, ATƏT-də növbəti sədrin müəyyənləşdirilməsi ilə bağlı müxtəlif təkliflər irəli sürülür. Təşkilat məkanında gərgin mühitin mövcudluğu səbəbindən bütün tərəflər üçün məqbul namizədin müəyyənləşdirilməsi çətinləşib.

Ceyhun Bayramov qeyd edib ki, Azərbaycan bu məsələdə əvvəlcədən fəallıq göstərməyib, lakin vaxtın azalması və yaranan vaxt məhdudiyyəti fonunda alternativ təkliflər sırasında ölkəmizin namizədliyi də irəli sürülüb.

Onun sözlərinə görə, son həftələr prosesin asanlaşdırılması məqsədilə sədrliyin ayrı-ayrı illər üzrə deyil, bir paket şəklində müəyyənləşdirilməsi və bu çərçivədə konsensusun formalaşdırılması yanaşması müzakirə olunur.

“Azərbaycanın mövqeyi budur ki, biz təşkilatın gələcəyinə müsbət töhfə verməyə hazırıq. Paket daxilində Azərbaycanla yanaşı, Ermənistanın da adı çəkildi ki, bu da münaqişənin başa çatması və müsbət inkişafın nəticəsidir. Bu özü də müsbət haldır. Dediyim kimi, bu paket daxilində Azərbaycanın adı var və biz buna müsbət yanaşırıq”, – nazir vurğulayıb.

Əlaqəli Xəbərlər