Quru sərhədlər bağlı olduğu üçün ölkənin turistik bölgələrinə böyük axın var. Lakin şimal rayonlarında yolların təmir edilməsi istirahətə gedən şəxsləri narahat edən əsas səbəblərdəndir. Belə ki, Qəbələ, İsmayıllı, Quba istiqamətlərində həftəsonları yaranan uzun tıxaclarla bağlı narazılıqları əks etdirən görüntülər sosial şəbəkələrdə paylaşılır. Bəs təmiri istirahət mövsümünə qalan bu yollar nə vaxt hazır olacaq?
Problemlə bağlı turizm sahəsi üzrə ekspert Ceyhun Aşurov “Operativ Media”ya bildirib ki, quru sərhədlərinin bağlı, xarici turpaketlərin isə bahalı olması ilə əlaqədar vətəndaşlar regionlara səfərlərə daha çox üstünlük verirlər:

“Xüsusilə yay mövsümündə həftəsonları bölgələrə daha çox səfər edən vətəndaşlar Qəbələ, İsmayıllı, Quba kimi rayonlara üz tuturlar. Bu zaman yollarda təmir-tikinti işlərinin aparılması, yoldakı problemlər səyahətçiləri narahat edir, həmçinin vaxt itkisinə səbəb olur. Bu kimi işlərin məhz regionlara gediş-gəlişin çoxluq təşkil etdiyi vaxtlarda həyata keçirilməsi ilə bağlı məsuliyyət aidiyyəti qurumların üzərinə düşür”.
Ekspert qeyd edib ki, prosesin bu dövrdə baş verməsi oradakı sahibkarların da fəaliyyətinə zərər verir:
“Belə olduqda həmin bölgələrə turistik səfərlər azalır və onlar başqa regionlara üz tuturlar. Bu cür təmir-tikinti işlərinə başlamazdan əvvəl turizm mövsümü və digər faktorların nəzərə alınması daha məqsədəuyğundur”.
Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) ilə əlaqə yaratmağa çalışdıq, lakin geridönüş edən olmadı.
Sevinc İbrahimzadə









