Menyu

Bağçalarda zorakılıq hallarını gizlədənləri hansı cəza gözləyir?

Ayşən Sadıxzadə
Bağçalarda zorakılıq hallarını gizlədənləri hansı cəza gözləyir?
1 dəq oxu

Uşaq bağçalarında baş verən hadisələrin, xüsusilə uşaqlara qarşı zorakılıq, xəsarət və digər xoşagəlməz halların valideynlərdən gizlədilməsi ciddi narahatlıq doğurur. Övladını bağçaya etibar edən valideyn gün ərzində onun təhlükəsizliyinə və sağlamlığına təminat gözləyir. Lakin baş verən hadisələr barədə məlumat verilməməsi valideynlərin vaxtında tədbir görməsinə mane olmaqla yanaşı, məsuliyyət məsələsini də gündəmə gətirir. Bəs bağça rəhbərliyi və əməkdaşları belə halları gizlətdikdə hansı hüquqi məsuliyyət daşıyırlar? Qanunvericilikdə bununla bağlı hansı cəzalar nəzərdə tutulur?

Mövzu ilə bağlı Operativ Media-ya vəkil Turan Abdullazadə danışıb.

O bildirib ki, Azərbaycan qanunvericiliyində birbaşa “hadisəni valideyndən gizlətməyə görə” adlı ayrıca maddə yoxdur. Məsuliyyət hadisənin növündən və gizlətmənin nə ilə nəticələndiyindən asılıdır:

“2026-cı ilin mayından təsdiqləmiş dəyişikliklərlə İnzibati Xətalar Məcəlləsinə yeni 189-4 və 189-5-ci maddələr əlavə olunub.

189-4-cü maddə (zorakılıq əlamətləri barədə məlumat verməmək): Uşaqda zorakılıq əlamətləri aşkar edildikdə valideynlər, eləcə də uşaqlara nəzarət edən təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət və istirahət müəssisələrinin işçiləri bunu hüquq-mühafizə orqanlarına və ya ərazi üzrə uşaq hüquqlarının müdafiəsi üzrə yerli komissiyaya bildirmədikdə, fiziki şəxslər 200–300 manat, vəzifəli şəxslər 400–600 manat cərimələnir. Bağça işçisi və ya müdiri də bu siyahıya daxildir. Lakin diqqət edək ki, bu maddə məlumatın valideynə yox, hüquq-mühafizə orqanına və ya komissiyaya verilməməsinə aiddir.

189-5-ci maddə (zorakılığın qarşısını almamaq): Bu müəssisələrdə uşaqlara qarşı, o cümlədən uşaqların bir-birinə qarşı davamlı təzyiq və aqressiv davranışın qarşısı alınmadıqda, fiziki şəxslər 300–400 manat, vəzifəli şəxslər 500–600 manat cərimələnir. Bundan əlavə İnzibati Xətalar Məcəlləsinin 525-1-ci maddəsinə əsasən, undan başqa cismani cəzaya görə təhsil müəssisəsi işçiləri tərbiyə və ya intizam məqsədilə uşağa fiziki və ya psixoloji zorakılıq tətbiq etdikdə 200 manat cərimə nəzərdə tutulur.

Bu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir”.

Əlaqəli Xəbərlər