“Barselona” və “Brayton” portuqaliyalı müdafiəçini izləyir
“Barselona” və “Brayton” “Eştoril”in 18 yaşlı müdafiəçisi Jordan Arnolinlə maraqlanır.
Operativ Media “Record” nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubu gənc futbolçunu izləmək üçün “Portu” ilə matça (0:4) skaut göndərib. “Barselona” Arnolini Portuqaliyanın U-19 millisindəki ilk oyunlarından etibarən diqqətdə saxlayır və ona marağı getdikcə artır.
Gənc müdafiəçinin çıxışlarını Fransanın “Lill” klubu da izləyir. Bu komandanın nümayəndəsi də “Portu” ilə qarşılaşmanı stadiondan izləyib.
Arnolin “Eştoril”in əsas komandasında ilk dəfə “Portu”ya qarşı matçda start heyətində meydana çıxıb. O, həmin görüşdə özünə yad olan dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edib. Bu isə futbolçunun bir neçə mövqedə oynamaq bacarığını nümayiş etdirib.
“Brayton” 18 yaşlı oyunçunu iki mövqedə çıxış edə bilən perspektivli futbolçu kimi qiymətləndirir. Bununla belə, İngiltərə təmsilçisinin transferlə bağlı qərar verməzdən əvvəl onun əsas komandada daha çox oyununu izləmək niyyətində olduğu bildirilir.
Arnolin 2026/2027 mövsümündə beş matçda meydana çıxsa da, məhsuldar göstərici ilə yadda qalmayıb.
“Transfermarkt” portuqaliyalı futbolçunun transfer dəyərini 300 min avro qiymətləndirir.