Beş ölkə QR ödəniş sistemlərini birləşdirməyi planlaşdırır
Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan milli banklarının nümayəndələri ödəniş sistemlərinin birgə inkişafı ilə bağlı plan hazırlayıblar.
Operativ Media xəbər verir ki, məsələ ilə bağlı dördüncü görüş Tacikistanda keçirilib.
Görüşdə iştirakçılar milli QR ödəniş sistemlərinin inteqrasiyası ilə bağlı Qazaxıstanın təklifini dəstəkləyiblər.
İlin sonuna qədər bununla bağlı müvafiq mexanizmin hazırlanması nəzərdə tutulur.
Yeni sistem beş ölkənin vətəndaşlarına öz banklarının mobil tətbiqləri vasitəsilə xaricdə mal və xidmətlərə görə ödəniş etmək, eləcə də bir-birlərinə sürətli pul köçürmələri həyata keçirmək imkanı verəcək.
Ölkələrin mərkəzi bankları milli ödəniş platformalarının qarşılıqlı fəaliyyətini araşdırmaq məqsədilə işçi qrupu yaratmağı razılaşdırıblar.
Qrup ani ödəniş sistemlərinin əlaqələndirilməsinə, QR ödəniş formatlarının standartlaşdırılmasına və milli infrastrukturun uyğunluğunun təmin edilməsinə diqqət yetirəcək.
Ölkələr QR ödənişlərinin qarşılıqlı işləməsi üçün konkret mexanizmləri 2026-cı ilin sonunadək işləyib hazırlamaq barədə razılığa gəliblər.