Şimali Koreya kaset tipli döyüş başlığına malik raketi sınaqdan keçirib
Şimali Koreya kaset tipli döyüş başlığı ilə təchiz edilmiş strateji qanadlı raketin sınağını keçirib. İddia olunur ki, bu silah 5-6 hektar ərazidəki hədəfləri məhv etmək imkanına malikdir.
Operativ Media xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.
Şimali Koreyanın Baş Raket İdarəsinin açıqlamasına görə, sınaq zamanı orta ölçülü kaset döyüş başlığının zərbə effektivliyi yoxlanılıb. Bildirilib ki, döyüş başlığı 5-6 hektar ərazidə yerləşən hədəfləri yüksək sıxlıqla məhv edə bilir.
Noyabrın 2-də keçirilən sınaqlarda raketin hədəfə şaquli yaxınlaşma xüsusiyyətləri də yoxlanılıb. Agentliyin məlumatına görə, uçuşun son mərhələsində manevr imkanlarının təkmilləşdirilməsi müxtəlif ərazilərin coğrafi xüsusiyyətlərini nəzərə alaraq zərbə endirməyə şərait yaradır.
Sınaqlara Koreya Əmək Partiyası Mərkəzi Hərbi Komissiyasının üzvü, partiyanın Mərkəzi Komitəsinin şöbə müdirinin birinci müavini, general Kim Çon Şik rəhbərlik edib.
Şimali Koreyanın Baş Raket İdarəsi ölkənin xarici təhdidlərdən müdafiəsi məqsədilə müxtəlif silah sistemlərinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Qeyd olunub ki, sınaqlar raket komplekslərinin döyüş imkanlarının artırılmasına yönəlmiş planlı elmi-tədqiqat işləri çərçivəsində keçirilib.