ABŞ Yaxın Şərqdə THAAD raketdən müdafiə batareyası yerləşdirəcək
ABŞ-nin müdafiə naziri Lloyd Ostin Yaxın Şərqdə THAAD (Terminal High Altitude Area Defense) raketdən müdafiə sistemlərinin batareyasının və əlavə Patriot zenit-raket komplekslərinin yerləşdirilməsinə göstəriş verib.
"Operativ Media" xəbər verir ki, bu barədə departamentin mətbuat xidmətinin bəyanatında deyilir.
Ostin qeyd edib ki, ABŞ prezidenti Co Baydenlə məsləhətləşmələrdən sonra ABŞ Müdafiə Nazirliyinin regionda mövqeyini gücləndirmək barədə qərar qəbul edilib. Eyni zamanda, o xatırladıb ki, ABŞ bundan əvvəl beş müşayiət gəmisi ilə USS Gerald R. Ford təyyarədaşıyan gəmisini, eləcə də USS Dwight D. Eisenhower aviadaşıyıcısını üç müşayiət gəmisi ilə Yaxın Şərqə göndərib.
"Mən həmçinin Amerika qüvvələrinin müdafiəsini gücləndirmək üçün bölgəyə THAAD batareyası və əlavə Patriot batalyonlarının yerləşdirilməsi əmrini vermişəm", - müdafiə rəisi bildirib. O, həmçinin hazırlığı və lazım gələrsə, tez cavab vermək qabiliyyətini artırmaq üçün əlavə qoşunların yerləşdirilməsi üçün hazırlıqlara başlamaq barədə göstəriş verdiyini deyib.