Lavrov: ATƏT köhnəlib
"Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) bütün Avrasiya qitəsini əhatə etmir və artıq öz məqsədini yerinə yetirmir, köhnəlib".
"Operativ Media" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Belarus Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Aleyniklə görüşündə deyib.
"Avrasiya platformasının, sisteminin, təhlükəsizlik strukturunun formalaşması istiqamətində hərəkətə başlamağın vaxtıdır. Qitənin bütün problemlərini əhatə edəcək bir qurum yoxdur. ATƏT var ki, o, bizim dövlətimizin kiçik bir hissəsini yalnız qismən əhatə edir. Hətta o, necə deyərlər, artıq köhnəlib və indi o, öz məqsədlərini yerinə yetirə bilmir", - Rusiya XİN rəhbəri bildirib.
Lavrovun sözlərinə görə, oktyabrın 26-da Minskdə keçiriləcək Avrasiya təhlükəsizliyinə dair yüksək səviyyəli konfrans "qeyri-adi vaxta" təsadüf edən hadisədir: "Biz bu barədə açıq danışacağıq və əminəm ki, belaruslu dostlar və digər iştirakçılarla ikitərəfli əlaqələri müzakirə etmək imkanı tapacağıq".