Azərbaycanın ən çox ziyarət edilən muzeyi hansıdır? - AÇIQLAMA

Muzeylər qədim tarixi özündə qoruyan, maddi-mənəvi dəyərlərin günümüzə gəlib çatmasına kömək edən, dünənlə bugün arasındakı körpü rolunu oynayan xəzinədir.
Azərbaycanda fəaliyyət göstərən 233 muzey var ki, hər biri qədim tarixi ənənələri, xalqımızın dərin keçmişinə aid nümunələri özündə cəmləşdirib.
Bəs ən çox ziyarət edilən Azərbaycan muzeyi hansıdır?
Bu barədə sənətşünaslıq üzrə fəlsəfə doktoru, Mədəniyyət Nazirliyi Muzey, qalereya və sərgilər şöbəsinin sektor müdiri Altun Mikayıllı "Operativ Media"ya açıqlama verib.
O bildirib ki, Azərbaycan Milli Xalça Muzeyi ölkəmizin ən çox ziyarət olunan muzeyidir:
"Burada tamaşaçılar, o cümlədən fiziki məhdudiyyətli şəxslərin ekspozisiyanı sərbəst ziyarəti üçün hər cür imkanlar mövcuddur. Muzeydə yerli əhali və turistlər Azərbaycan, rus, ingilis, ərəb, fransız və Ukrayna dillərində audiobələdçidən istifadə edə bilir.
10 mindən artıq milli irs nümunəsinin qorunub saxlanıldığı bu mədəniyyət müəssisəsi kolleksiyalarının zənginləşdirilməsi, ənənəvi texnologiyaların dirçəldilməsi, sərgilərin, respublika əhəmiyyətli tədbirlərin keçirilməsi, beynəlxalq əlaqələrin qurulması, genişləndirilməsi və s. sahələrdə mühüm layihələr həyata keçirir.
Azərbaycan Milli Xalça Muzeyi son illər dəfələrlə “Tripadvisor Travellers’ Choise” (Tripadvisor səyahətçilərin seçimi) sertifikatına, cari ildə isə peşəkarların rəyləri əsasında verilən yeganə mükafat, dünyaca məşhur “Tripexpert” saytının “Experts' Choice” mükafatına layiq görülüb".
Sevinc İbrahimzadə
