Qırmızı dənizdəki Hangzhou gəmisi ikinci təhlükə siqnalı verib - YENİLƏNİB
Qırmızı dənizdə yerləşən Danimarkanın "Maersk" konteyner gəmisi "Hangzhou" 24 saatdan az müddətdə ikinci təhlükə siqnalı verib.
"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
"Dekabrın 31-də Səna vaxtı ilə səhər saat 6:30-da "Maersk Hangzhou" konteyner gəmisi 24 saatdan az müddətdə ikinci qəza siqnalını verib və bildirib ki, İranın dəstəklədiyi dörd kiçik Husi qayığı tərəfindən hücuma məruz qalıb", - məlumatda qeyd edilib.
CENTCOM daha əvvəl şənbə günü axşam "Hangzhou" konteyner gəmisinə raketin düşdüyünü bildirmişdi.
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki ABŞ təyyarədaşıyan gəmisinin yaxınlığında yerləşən vertolyotları üç qayığı batırıb. Dördüncüsü hadisə yerini tərk edib.
***
13:18
Yəmənin Hudeyda limanı yaxınlığında Qırmızı dənizdə insident baş verməsi barədə Britaniya Kral Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Koordinasiya Mərkəzinə məlumat daxil olub.
"Operativ Media" xəbər verir ki, bu barədə mərkəzdən bildirilib.
Açıqlamaya görə, naməlum gəmi Hudeydədən 60 dəniz mili (təxminən 111 km) şimal-qərbdə hücuma məruz qalıb. Üç kiçik qayıq gəminin sol tərəfinə yaxınlaşıb, bundan sonra ekipajla hücum edənlər arasında atışma olub. Ekipaj üzvləri arasında xəsarət alan olmayıb.
Mərkəzin bildirişində qeyd olunur ki, "Prosperity Guardian" əməliyyatı çərçivəsində Qırmızı dənizdə naviqasiya azadlığını təmin edən beynəlxalq koalisiya qüvvələri hücuma məruz qalan gəminin köməyinə gəlib.
Qəzza zolağında Fələstin-İsrail münaqişəsinin şiddətlənməsindən sonra Yəmənin üsyançı Ənsar Allah hərəkatından olan husilər İsrail ərazisinə hücumlar edəcəklərini və bu ölkə ilə əlaqəli gəmilərin Qırmızı dəniz və Bab sularından keçməsinə icazə verməyəcəklərini bildiriblər. Noyabrın ortalarından bəri Qırmızı dənizdə bir neçə ticarət və hərbi gəmi Husilərin nəzarətində olan ərazilərdən hücuma məruz qalıb.
“Ənsar Allah”ın hərəkətlərinə cavab olaraq, ABŞ hakimiyyəti Qırmızı dənizdə naviqasiya azadlığını təmin etmək və gəmiləri qorumaq üçün beynəlxalq koalisiya yaradıldığını və "Prosperity Guardian" əməliyyatının hazırlandığını elan edib. Əməliyyatın iştirakçıları arasında Bəhreyn, Böyük Britaniya, İspaniya, İtaliya, Kanada, Hollandiya, Norveç, Seyşel adaları və Fransa var.