Ekspert: Universitetə 200 bal ilə qəbul olan tələbələr sonra imtahanlarda çətinlik çəkirlər

Redaksiya
Ekspert: Universitetə 200 bal ilə qəbul olan tələbələr sonra imtahanlarda çətinlik çəkirlər

“Birinci ixtisas qrupu üzrə 200 bal toplayan tələbə deməli riyaziyyat fənni üzrə ən yaxşı halda 10 suala düz cavab yazıb. Universitetə qəbul olan belə tələbələr dəqiq elmlər üzrə fənnlərin imtahanlarından keçə bilmirlər”.

Bunu “Operativ Media”ya açıqlamasında təhsil məsələləri üzrə ekspert Vüsal Kərimli deyib.

Vüsal Kərimlinin sözlərinə görə, qəbul imtahanında riyaziyyat fənni üzrə adi məsələləri həll edə bilməyənlər, universitetdə oxuduqları vaxtlarda ali riyaziyyatdan imtahan verirlər. Nəticədə də xeyli tələbə imtahandan kəsilməmək üçün təkrar repetitor yanına getməli olur.

“Qəribə bir vəziyyət yaranıb. Repetitor yanına gedib univeristetə qəbul olan adam, universitet imtahanını keçmək üçün təkrar hazırlığa gedir. Burada ciddi bir paradoks var. Səbəb isə çox sadədir. 200 bal keçidi olan ixtisasların əksəriyyəti yüksək məntiqi təfəkkür və riyazi biliklər tələb edir. Bakı Dövlət Univeristetinin Geologiya və geofizika mühəndisliyi, Dövlət Neft və Sənaye Universitetinin Mühəndis fizikası, Memarlıq və İnşaat Universitetinin İnşaat mühəndisliyi, Milli Aviasiya Akademiyasının Aerokosmik mühəndisliyi üçün keçid 200 bal müəyyən edilib. Bu ixtisaslara yiyələnmək üçün ən vacib fənlərdən biri olan, həm də yüksək riyazi analiz tələb edən Materiallar Müqaviməti fənninin tədrisi isə univerisitetlərdə bir neçə semester aparılır. Hər il təkcə Materiallar Müqaviməti fənnindən onlarla tələbə kəsilir. Birinci semester kəsilirsə, o birilərinə də buraxılmır. Niyə kəsilir? Ona görə kəsilir ki, bu fənn riyaziyyat, həndəsə, fizika, kimya tələb edir. 200 bal toplayan uşaq bu fənnləri yaxşı oxusaydı, balı da elə çox toplayardı da, niyə minimal bal toplayıb ki?!”

Ekspertin sözlərinə görə, mövcud problem səbəbindən tanınmış tikinti şirkətlərində işləyənlərin əksəriyyəti xarici vətəndaşlardır. Keçid ballarının aşağı olmasının səbəbi isə plan yerlərinin dolmamasıdır.

“Tədris yükünün tələblərinə cavab verə bilməyən tələbələr imtahanlardan kəsilirlər. Statistika onu göstərir ki, aşağı balla qəbul olan tələbələrin universiteti bitirməsi illər çəkir. Univerisitetlər 2012-ci ildən özünümaliyyələşmə mexanizminə keçdiyindən xərclərini özləri qarşılamalıdırlar.  Bu səbəbdən də plan yerlərini doldurmaq üçün ən aşağı balla belə qəbula razı olurlar. Nəticədə də diplomlu işsiz ordusu yaranır. Şirkət hesablamanı bacarmayan, kadastr, xəritəçəkmə, yer bucağını hesablaya bilməyən məzunu işə götürüb nə edə bilər axı? Tələbə qəbulu müsabiqəsində ali təhsil müəssislərinin ixtisasları üzrə formalaşmış ən aşağı keçid balı 1-ci ixtisas qrupu üzrədir. 200-ə yaxın ixtisas var ki, 200 bal toplamaq kifayətdir. İxtisasların sayı artdıqca, problem daha da böyüyəcək”.

Digər xəbərlər