Qarşıdan gələn "Qadınlar Günü" münasibətilə bəylərin çoxu dəyərli bildikləri qadınlara hədiyyə axtarışındadırlar. Müxtəlif seçimlər arasında xanımlara qızıl almağa üstünlük verən bəylər də var.
Bəs qızıl bazarında qiymətlər necədir?
Qızıl mağazalarından birinin sahibkarı Nadir Ağaverdiyev "Operativ Media"ya açıqlamasında bildirib ki, qızıl bazarında qiymətlər bayramla əlaqədar qalxıb enmir:
"Bu, yanlış fikirdir, halbuki bir çox adam da buna inanır. Qızılın qiyməti dünya birjası ilə tənzimlənir. Əlbəttə ki, bunlar qızılı real qiymətə satanlara aiddir. Bayram endirimlərindən 3 qat baha qiymətə satanlar istifadə edə bilir. Üstünə 200 faiz qoyub, 15 faiz endirim edirlər ki, bu da real qızıl qiyməti deyil".
O vurğulayıb ki, hazırda qızıl dünya bazarında tarixinin rekordunu yeniləyib:
"Qiymətlərdə dəhşətli dərəcədə hiss olunan artım var. Ancaq bu, bayramlarla əlaqədar deyil. Dollar ucuzlaşır, bitkoin və qızıl bahalaşır. Hazırda Türkiyə istehsalı olan qızılın qramı 88-90 manata satılır. İtaliya istehsalı olan qızılın qramı isə 118 manat təşkil edir".
Sahibkar qeyd edib ki, bu qiymətlər təzə modellərə aid edilir.