Sosial şəbəkələr niyə çökür?

Nərmin Qocamanlı
Sosial şəbəkələr niyə çökür?

Sosial medianın ən böyük problemlərindən biri onun müəyyən müddətlik fəaliyyətini dayandırması, sadə dillə desək, çökməsidir. Bu cür hadisələr tez-tez olmasa da, baş verdiyi zaman insanlarda həqiqi mənada narahatlıq yaradır. 

Bəs sosial şəbəkələrin çökməsi nə ilə əlaqədardır?

Mövzu ilə bağlı İKT mütəxəssisi Fərhad Mirəliyev "Operativ Media"ya açıqlamasında deyib ki, burada texniki məsələlər rol oynayır:

"Əlçatanlıq heç bir servisdə 100% olmur və ya planmır. Səbəblərdən biri həddən artıq yüklənmə ola bilər, sistemlər mövcud planlamadan yuxarı olan müraciətləri emal edə bilmədikdə dayanmalar müşahidə edilir. Digər bir səbəb isə kiberhücumlarla əlaqəli ola bilər. Müxtəlif DDOS hücumlar, serverlərə yoluxdurulan zərərverici proqram təminatı veb servislərin işində dayanmalara gətirib çıxara bilir. İnternet təminatının özü də bir səbəb kimi göstərilə bilər. Kifayət qədər trafik tutumlu kanal təminatı olmadıqda sistemdə dayanmalar müşahidə edilə bilir. Proqram təminatının server hissəsinin yerləşdiyi fiziki aparat təminatı da kritik infrastruktur sayılır və baş verən nasazlıq ümumi servisin işini poza bilir. Həmçinin daxildə müəyyən təxribatlar və ya rəqiblər tərəfindən qurulan oyunlar müəyyən əməkdaşların əli ilə servisləri qəza rejiminə keçirə bilir ki, bu zaman da sistem dayanır".

Ekspert yaranan fasilələrin bəzən bütün dünyanı əhatə edə biləcəyini bildirib:

"Bu məsələ texnikidir, data mərkəzlər bütün dünya üzrə səpələnib və ola bilər ki, biri və ya bir neçəsi sıradan çıxsın, bu da miqyasa təsir edən amildir. Müasir informasiya ehtiyatları, o cümlədən kritik infrastruktur heç zaman 1 nöqtədən istifadəyə verilmir, paylanmış sistemlər dünya üzrə mövcud olur. Həmçinin ölkələrin özləri də bu məsələdə prinsipiallıq göstərə bilir, belə ki, bir ölkə bir sosial şəbəkəyə tələb kimi deyə bilər ki, mənim vətəndaşlarımın məlumatları yalnız ölkə içində olmalıdır. Bu zaman həmin sosial şəbəkənin həmin ölkədə maraqları varsa, bu sazişə gedir. Bundan başqa ola bilər ki, hər hansı bir ölkə səviyyəsində müəyyən bir səbəblərdən bir sosial şəbəkəyə məhdudiyyət tətbiq edilsin. Bu halda, əslində, həmin sosial şəbəkə işləyir, amma konkret olaraq o ölkədə işləmir".

Sevinc İbrahimzadə

Digər xəbərlər