Hamilə qadınların qarınlarına vurulan iynə nə üçündür?

Nərmin Qocamanlı
Hamilə qadınların qarınlarına vurulan iynə nə üçündür?

Son vaxtlar müayinə üçün həkimə müraciət edən hamilə qadınlara özlərinin və bətnlərindəki körpənin sağlamlığı üçün qarınlarına iynə vurulmasının lazım olduğu deyilir. Qiyməti  azı 10 manatdan başlayan bu iynələr ana olmağı gözləyənlərin narahatlığına səbəb olub. Bəs bu iynələr nə üçündür?

Məsələ ilə bağlı mama-ginekoloq Rəşad Sultan “Operativ Media”ya bildirib ki, bəzi həkimlər hamilə qadınlarda qanın durulması üçün lazımsız iynələrdən istifadə edirlər:

"Hamiləlik fizioloji haldır, yəni 80-90 faiz hallarda qadın heç bir müayinə və müalicə olmasa da, sağlam şəkildə hamiləliyi sona çatdırıb doğa bilər. Biz həkimlərin vəzifəsi qalan 10 faiz riskli vəziyyətləri aşkar edib vaxtında tədbir görməkdən ibarətdir. Bəzi həkimlər bu nisbəti tərsinə çeviriblər. Elə bil bütün hamilələr xəstədir və onlardan lazımlı-lazımsız 1000 dənə analiz istəyirlər, sonra da o analizlərdəki rəqəmlərə baxıb onlara qarşı hansısa dərmanları təyin edirlər. Həmin həkimlər hər xəstədən laxtalanma analizi istəyirlər, halbuki hamilə qadında qanın laxtalanma qabiliyyətinin artması, bu faktorlardan biri olan fibrinogenin artması təbii fizioloji kompensator bir mexanizmdir. Bu, həmin hamiləni qanaxmadan qoruyan fizioloji təbii haldır. Həkimlər öz aləmlərində hamiləyə qan durulaşdırıcı iynələr təyin edərək guya həmin rəqəmləri azaldırlar. Əslində isə həmin iynələrin rəqəmlərə təsiri yoxdur".

Həkim qeyd edib ki, hamiləlik dövründə doğuş öncəsi və ya keysəriyyə öncəsi paket analizi istisna olmaqla, koaquloqramma dediyimiz qanın laxtalanma qabiliyyətinin yoxlanması analizlərinin hamısı lazımsızdır:

"Bu cür cəfəngiyyat analizlərə görə iymə təyin edib, sonra hansısa dəyərlərin dəyişməsini demək isə, ümumiyyətlə savadsızlıqdır. Müəyyən qrup xəstələr var ki, onlarda qanın laxtalanma qabiliyyətində irsi artış var, yaxud qazanılma artış da ola bilər. Bu onlarda təkrarlayan düşüklərə, bətndaxili inkişaf geriliyinə və ya preeklamsiya dediyimiz xəstəliyə gətirib çıxarır. Belə xəstələrə biz qandurulaşdırıcı dərmanlar və daha çox iynə yox, tabletlər təyin edirik. Belə qrup xəstələrin özünün diaqnostika metodları və kriteriyaları vardır ki, hamısı da kitablarda və elmi məqalələrdə yazılıb".

Sevinc İbrahimzadə

Digər xəbərlər