
Hər il şirkətlər beynəlxalq qadınlar günü münasibəti ilə xüsusi reklamlar hazırlayır. Xanımların diqqətin olduğunu özündə əks etdirən bu kampaniyalar daha çox satış xarakteri daşısa da, əksər hallarda müsbət geridönüş gətirmir.
“Operativ Media” ya açıqlama verən rəqəmsal marketinq meneceri Həsən Fətəliyev deyir ki, problemin əsas səbəbi şirkətlərin auditoriyanı düzgün hesablamamasıdır:
“Reklam bir məhsulun təqdimatıdır. Sosial şəbəkələrdə olan reklamlar isə günümüzün aktual təqdimat formasıdır. Artıq şirkətlər böyük bilbordlara, televiziyalara pul xərcləmək yerinə, sosial şəbəkələrdə fərqli bir reklam çarxı hazırlayaraq gündəmdə qalmaq istəyirlər. Sadəcə sosial şəbəkələrin ənənəvi reklam vasitələrindən əsas fərqi odur ki, burada auditoriya birbaşa şərh bildirə bilir. Ona görə də sosial şəbəkələrdə reklam vermək üçün mütləq şəkildə trendləri izləmək lazımdır. Yerli şirkətlərin marketinq komandalarının üzvləri bir çox hallarda sosial şəbəkələrə nəzərən daha yaşlı nəslin nümayəndələri olduğundan onlar üçün 8 Mart anlayışı daha ənənəvi olan "anamız, bacımız" komplekslərindən ibarətdir. Lakin müasir dünyada qadınlarla bağlı ənənəvi stereotiplər bəyənilmir. Hazırda dünya trendində daha feminist yanaşma xoş qarşılanır. Gender bərabərliyi ilə bağlı mesajlar məşhur markalar tərəfindən daha çox ötürülür. Bizim ölkə olaraq qadınlarla bağlı ən birinci sosial problemimiz isə erkən nikahlardır. Bəzi şirkətlər bu mövzu ilə bağlı önəmli mesajlar ötürür. Ancaq mövzu nə qədər çox gündəmdə qalsa, o qədər çox həllini tapar”
Həsən Fətəliyev deyir ki, 8 Martla bağlı şirkətlərin ən çox etdiyi səhvlərdən biri də fantastik endirim kampaniyaları elan etmələri olur:
“Digər bir məsələ isə 8 Mart ilə bağlı kampaniyalardır. Müştəri olaraq xüsusi günlər ərəfəsində hər hansısa bir şirkətin məhsullarını istifadə etmək, demək olar ki, mümkün deyil. Əsas səbəb odur ki, fantastik endirim kampaniyaları edirlər, müştəri axınları olur. Ancaq bu müştərilərlə kommunikasiyanı idarə edəcək qədər yetərli resursları olmur. Standart iş günləri ilə xüsusi günlərdə resurs fərqi olur. Əgər bu qədər kampaniya edəcəksinizsə, o zaman resursları da təkmilləşdirmək lazımdır. Yoxsa kampaniyalara maraqlı olmayan ənənəvi müştəriləri də itirə bilərsiniz”