Maldiv adaları Türkiyədən alınan dronları idarə etmək üçün PUA bazası yaradacaq
Maldiv Respublikası Maldiv adalarının okean ərazilərini izləmək üçün Türkiyədən gətirilən hərbi pilotsuz təyyarələri idarə etmək üçün Maafaru adasında pilotsuz uçuş aparatları (PUA) bazası yaratmağa başlayıb.
"Operativ Media" xəbər verir ki, bu barədə "The Edition" xəbər portalı məlumat yayıb.
Məlumata görə, baza beynəlxalq hava limanının yerləşdiyi Maafarunun şimalında yaradılır. O da bildirilir ki, bir qrup Maldiv hərbi qulluqçusu hazırda Türkiyədə PUA-lardan istifadə üzrə təlim keçir. Rəsmilər hələlik bu layihə ilə bağlı heç bir məlumat verməyiblər.
Ölkə prezidenti Mohamed Muizzou daha əvvəl bəyan etmişdi ki, dövlət müstəqil şəkildə Maldiv adalarının dəniz ərazisinə sutka ərzində nəzarət etmək imkanını təmin edəcək. Onun sözlərinə görə, bu aydan etibarən ölkənin dəniz zonası üçün 24 saatlıq müşahidə sistemi təşkil olunacaq və işə salınacaq: "Bu, bizə imkan verəcək ki, öz ölkəmizi idarə edə bildiyimizi hiss edək. Bu, özümüzü müstəqil hiss etməyə imkan verəcək".
Yanvar ayında "The Maldives Journal" Maldiv hökumətinin ada dövləti ilə 37 milyon dollara müasir kəşfiyyat pilotsuz uçuş aparatları alması üçün Türkiyə ilə müqavilə imzaladığını yazmışdı. Güman edilir ki, türk pilotsuz təyyarələri Hindistan Hərbi Hava Qüvvələrinin Maldiv adalarında yerləşdirilən və Maldiv hakimiyyətinin tərk etmək qərarına gəldiyi təyyarə və helikopterləri əvəz edəcək. Əvvəllər şübhəli gəmiləri aşkar etmək, silah və narkotik ticarəti əməliyyatlarını izləmək üçün kəşfiyyat uçuşları Hindistanın "Dornier" təyyarəsi ilə həyata keçirilirdi.