Bayram şirniyyatları neçəyədir?
Novruz bayramında süfrələrin bəzəyi sözsüz ki, şirniyyatlardır. Digər bayramlardan fərqli olaraq Novruzda paxlava, şəkərbura və digər şirniyyatlar süfrələrdən əskik olmur. Bəs qiymətlər neçəyədir?
“Operativ Media” paytaxtda olan şirniyyat mağazalarında satış qiymətlərini araşdırıb.
Satıcıların sözlərində görə, paxlavanın qiyməti 20 manatdan başlayır:
“Paxlavaların kilosu 15 manat olanlar da var. Qoğallar isə 60 qəpikdir. Şəkərbura və badamburanın dənəsi 1 manatdır. Bir çox yerlərdə müştərilərimiz bildirir ki, qiymətlərdə dəyişikliklər var. Həqiqətən də qiymət artımı var. Badambura, şəkərburada 30-40 qəpik arası bahalaşma var. Paxlavanın ümumi qiymətində isə 3-5 manatarası dəyişiklik var”.
Satıcılar qiymət artımının ərzaqların bahalaşması ilə əlaqələndirirlər.
“Ərzaq qiymətləri artıb. Əvvəllər 12 manata fındıq alırdıq. İndi qiymət olub 16 manat. Qozun 1 kiloqramı 14 manata qalxıb. Yerli ərzaqlar istifadə etdikdə qiymət də çox olur. Ukrayna qozu isə şirniyyatda istifadə edilsə də, yağlılığında fərq var. Ona görə də yerli məhsul olan çərəzlərdən istifadə edirik. İndi hazır xonça alanlar çoxdur. İçərisində yalnız şirniyyatların olduğu bayram xonçasının qiyməti 20-30 manatdan başlayır. Çalışırıq ki, hər növ şirniyyat xonçada olsun”.