Bayram yumurtalarını bəzədiyimiz şəkilli stikerlərin zərərləri var?

Novruz bayramında xonçaları və süfrələri bəzəyənlərdən biri də məhz al-əlvan rənglərdə boyanmış yumurtalardır. Əvvəllər bayram yumurtaları daha çox təbii vasitələrdən istifadə edilərək boyanırdısa, son vaxtlar sənaye məhsulu olan müxtəlif şəkilli plastik stikerlər vasitəsilə bəzənir.
Bəs bayram yumurtalarını bəzədiyimiz şəkilli stikerlərin zərərləri nədir?
Mövzu ilə əlaqədar qida texnoloqu Ağa Salamov "Operativ Media"ya açıqlamasında bildirib ki, yumurtaların üstündə ortalama 40 000 məsamə var və buradan istənilən bakteriya, kimyəvi və yaxud mikrobioloji çirklənmə baş verə bilər:
"Yumurtanın boyanmasında təbii və orqanik boyalardan istifadə olmalıdır. Məsələn, kök, çuğundur, ispanaq, soğan qabığından əldə olunmuş boyalar təbii olduğuna görə içəriyə nüfuz etdiyi halda heç bir kimyəvi və yaxud mikrobioloji çirklənmə verə bilməz. Lakin həmin plastik örtüklərlə bəzənən yumurtalarda titan-dioksid var və nəzərə alsaq ki, yumurta isti suya atılır, bu halda həmin maddə isti su ilə reaksiyaya gedəndə tərkibində kimyəvi dəyişiklik baş verir. Burada artıq buxar vasitəsilə titan-dioksid maddəsinin yumurtaya nüfuz etməsi baş verir və yaxud müxtəlif kanserogen maddələr plastikdən buxar vasitəsilə qidaya yoluxmuş olur ki, bu da qida zəhərlənməsinə gətirib çıxarda bilər".
Mütəxəssis qeyd edib ki, sağlamlıq baxımından ən yaxşı variant milli adət-ənənələrimizin yolu ilə davam etməkdir, lakin diqqət yetirilməli bir məqam var:
"Yumurtaları boyayanda diqqət etmək lazımdır ki, yumurta çatlamamış olsun. Çox vaxt hansı boyalarla bəzədilməsindən asılı olmayaraq, xonçada da 3-4 gün qalır. Bu zaman yumurtanın xarab olması nəticəsində artıq qida zəhərlənməsi baş verə bilər. Ona görə boyanıb xonçaya qoyulan yumurtalar tam sağlam şəkildə olmalıdır və kənd yumurtası olması daha məqsədəuyğundur. Çünki kənd toyuğunun yumurtasının qida dəyəri broyler yumurtasına nisbətən daha çox yüksəkdir və faydalı elementlərlə zəngindir".
Sevinc İbrahimzadə