Avtobusların iştirakı ilə baş verən qəzaların sayı niyə artıb?

Son zamanlarda sərnişin avtobuslarını idarə edən sürücülərin iştirakı ilə baş verən yol qəzalarının sayı artıb.
Bəs buna səbəb nədir?
Mövzu ilə əlaqədar yol hərəkəti təhlükəsizliyi mütəxəssisi, sürücülük təlimçisi Arzu Kürsüm Babazadə "Operativ Media"ya açıqlamasında bildirib ki, axır vaxtlarda avtobus sürücülərinin sükan arxasında yol hərəkəti qaydalarına zidd davranışları çoxalıb:
"Əvvəllər "BakuBus" sürücüləri nümunəvi idi, amma artıq üzücü haldır ki, bu nümunəviliyi görmək elə də mümkün deyil. Əllərində telefon tutaraq avtomobili idarə edən, kinoya baxa-baxa sərnişin daşıyan sürücülərin görüntüləri məlumdur. Digər sahibkarlara aid olan avtobusları idarə edənlərin törətdikləri qəzaların da əsas səbəbləri alkoqolun və narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsinin idarə edilməsi, sürücülük məsuliyyətinin olmaması, qayda-qanunlara riayət edilməməsidir",
Mütəxəssisin sözlərinə görə, avtobus sürücüləri psixoloji, alko və narkoloji sağlamlıq testlərindən keçməlidirlər:
"Bütün bunlar kağız üzərində yox, real qaydada qarajda icra olunmalıdır. Psixoloji testlər ayda bir dəfə, narkoloji və alkoloji testlər isə gündəlik olaraq aparılmalıdır. Çünki bəzən avtobus sürücüsü hadisə törədir, yoxlanışda qanında narkotik çıxır və yaxud spirtli içki aşkar olunur. Ona görə də ümumilikdə sərnişindaşımada sürücülərin yoxlanılması prosesi ciddi aparılmalıdır. Nə qədər ki, bu özbaşınalıqlar olacaq, rüşvətlə kağızlar veriləcək və yaxud bu cür yoxlanışlar ancaq kağız üzərində aparılacaq, qəzaların da sayı artacaq. Həmçinin avtobus sürücüləri işə götürülərkən də mütləq müayinələrdən keçməlidirlər. Bütün bu boşluqlar düzəldilməlidir".
Ekspert qeyd edib ki, son vaxtlarda sürücülərdə həm də yorğunluq hiss olunur:
"Bəzi sahibkarlara məxsus şirkətlərdə çalışan avtobus sürücüləri səhər saat 6-dən axşam 12-dək sükan arxasında əyləşirlər. Bu halda həmin sürücüdən nə qədər adekvatlıq gözləmək olar? Ümumi kök səbəblər həll olunsa, qəzaların sayı getdikcə azalar. Həmçinin sürücülərin ən böyük düşməni narkotiklə, alkosərxoşluqla paralel olaraq mobi telefonlardır. Sükan arxasında telefondan istifadə üçün də kameralar vasitəsilə cərimələr tətbiq olunsa, daha yaxşı olar ".
Sevinc İbrahimzadə