Tokio Aya iki astronavt göndərməyi planlaşdırır
Yaponiya Amerikanın "Artemida" kosmik proqramı çərçivəsində 2028-ci ildən sonra Aya iki astronavt göndərməyi planlaşdırır.
"Operativ Media" xəbər verir ki, bu barədə Yomiuri qəzeti məlumat yayıb.
Bildirilib ki, müvafiq razılaşma aprelin 10-da Vaşinqtonda Yaponiyanın baş naziri Fumio Kişida ilə ABŞ prezidenti Co Bayden arasında keçirilməsi planlaşdırılan görüşdən sonra rəsmiləşdirilə bilər.
ABŞ "Artemida" proqramı çərçivəsində 2026-cı ildə Amerika astronavtlarını Aya endirməyi planlaşdırır. Belə uçuşların 2028-ci ildən mütəmadi olaraq həyata keçiriləcəyi gözlənilir. Əvvəlcədən razılığa əsasən, Yaponiyanın iki nümayəndəsi onlarda iştirak etməlidir. Xüsusilə, onlar "Toyota Motor Korporasiyası"nın rəhbərlik etdiyi Yapon şirkətləri tərəfindən hazırlanmaqda olan "Luna Cruiser" roverini idarə etməklə məşğul olacaqlar.
Qeyd edək ki, 2019-cu ilin yazında ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) "Artemida" Ay proqramının üç fazalı konturunu yayımlayıb. Birincisi, "Orion" kosmik gəmisinin Ay ətrafında pilotsuz uçuşu və onun Yerə qayıtmasını nəzərdə tutur. İkinci mərhələ isə Yerin təbii peykinin ekipajla yaxından uçuşudur. NASA missiyanın üçüncü mərhələsində Aya astronavt endirməyi planlaşdırır. 2019-cu ildə Tokio bir çox başqa ölkələri də əhatə edən "Artemis" proqramına qoşulub.