"Son iki aydır ki, avtomobil bazarına girmək olmur. Saat 11-dən bazara giriş dayanır".
Bunu "Operativ Media"ya açıqlamasında avtomobil bazarı üzrə mütəxəsis Sərxan Qədirov deyib.
Sərxan Qədirovun sözlərinə görə, satışa çıxarılan maşınların sayının həddindən artıq olması satıcılara ciddi problem yaradır. Təklif çox olsa da, alıcı yoxdur.
"Bununla neçənci bazardır ki, avtomobil satanlar heç bazara girə bilmirlər. Ölkəyə gətirilən maşınların sayı xeyli artıb. Bazarın 50%-dən çoxu Koreya istehsalı olan maşınlardır. Amerikadan, Birləşmiş Ərəb Əmirliklərindən gətirilən avtomobillər də çoxdur. Bazarda hazırda marka və model çoxdur. Elə markalar var ki, bizim bazarda alıcısı yox idi, indi onlar da artıb".
Sərxan Qədirovun sözlərinə görə, təklif çox olsa da, alıcı yoxdur. Qiymətlərin enməsi isə müşahidə edilmir.
"Qiymət artıb, nəinki azalıb. Böyükhəcmli mühərriki olan avtomobillər ucuzlaşıb. Dizel və hibrid mühərrikli avtomobillər isə bahalaşıb. Əksər avtomobil markalarının kuzası 2015-ci ildən yenilənib. Yeni kuzalar isə bahadır. Azərbaycana da istehsal ili 10 ildən köhnə avtomobil gətirilmədiyindən əksər insan çalışır ki, il başa çatmadan avtomobil sifariş etsin. Eyni zamanda avtomobillərə investisiya kimi baxanlar da var. Əlində 30-50 min manatı olan düşünür ki, maşın gətirib üzərinə pul qoyub satım. Ona görə də bazar dolub, alıcı yoxdur".






