"28 May" metro stansiyası qarşısına avtomobillərin girişi bağlandıqdan və yaxınlıqdakı parklanma yerləri ləğv edildikdən sonra ərazidə kifayət qədər boşluq yaranıb. Hazırda həmin ərazidə gələcəkdə hansı quruculuq işlərinin həyata keçirilməsi ilə bağlı cəmiyyətdə müxtəlif fikirlər mövcuddur.
Bəs ərazidə hansı tədbirlərin görülməsi planlaşdırılır?
Məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı "Operativ Media"ya açıqlamasında bildirib ki, orada mikromobillik elementləri üçün lazımi şərait yaradılacaq:
"Bu ərazilərdə bina tikməyəcəklər, restoran açmayacaqlar, lakin yüngül iaşə və ticarət obyektlərinin fəaliyyəti təşkil oluna bilər. Mikromobillik elementlərini nəzərə alıb piyadaların hərəkəti üçün daha rahat şərait təmin olunacaq. Avtobuslar üçün xüsusi bir zolaq yaradılandan sonra orada həm də velosiped və skuterlər üçün zolaqlar yaradıla bilər. Eyni zamanda əlil və uşaq arabalarının hərəkəti üçün normal şəraitin qurulması yaradıla bilər".
EKspert vurğulayıb ki, sözügedən ərazidə taksilər üçün şərait yaradılması nəzərə alınmalıdır:
"Çünki nəqliyyat şəbəkəsindən danışırıqsa, ərazidə metro var, dəmiryol xətti var, avtobusların girişinə icazə verilir, amma taksiyə icazə yoxdur. Halbuki taksi də ictimai nəqliyyatın bir növüdür və onlar üçün də şərait yaradılmalıdır. Ümumiyyətlə, yaxın gələcəkdə "28 may" ətrafı geniş bir mərkəzə çevriləcək. İndiyə qədər "Tarqovu" dediyimiz ərazini həm də "28 May" metrosu ətrafında da təsəvvür etmək mümkündür".
Qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən saytımıza verilən məlumata görə, Bakı şəhərinin Baş planına əsasən həmin ərazi nəqliyyat mübadilə mərkəzi kimi nəzərdə tutulur.
Sevinc İbrahimzadə






