Putin və Əsəd terrorla mübarizə barədə razılığa gəliblər
Rusiya və Suriya prezidentləri Vladimir Putin və Bəşər Əsəd bütün sahələrdə, o cümlədən terrorizmlə mübarizə sahəsində təmasları aktivləşdirməyə razılaşıblar.
"Operativ Media" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti iki ölkə liderləri arasında telefon danışığının məzmununu açıqlayıb.
"Həm antiterror sahəsində, həm də ikitərəfli əməkdaşlığın bütün digər sahələrində təmasların intensivləşdirilməsi razılaşdırılıb", - Rusiya prezidentinin mətbuat xidmətinin bəyanatında deyilir.
Əsəd "Krokus Siti Holl"da törədilən terror aktını pisləyib və rusiyalı həmkarını Suriya xalqının rusların dərdinə şərik olduğuna əmin edib.
"Suriya Ərəb Respublikasının Prezidenti Bəşər Əsəd Vladimir Putinlə telefon danışığı zamanı "Krokus Siti Holl"dakı terror aktını qətiyyətlə pisləyib və Suriya vətəndaşlarının Rusiya xalqının ağrı və kədərinə şərik olduğunu vurğulayıb", - deyə məlumatda bildirilir.
Kreml əlavə edib ki, Əsəd həlak olanların ailələrinə və yaxınlarına səbir, yaralıların isə tezliklə sağalmasını arzulayıb.