Ukrayna SQ Rusiyanın “Yamal” və “Azov” amfibiya gəmilərini vurduğunu bildirib
Ukraynanın müdafiə qüvvələri Rusiyanın iri “Yamal” və “Azov” amfibiya gəmilərinə, həmçinin Rusiyanın Qara dəniz donanmasının Sevastopoldakı rabitə mərkəzinə və bir sıra infrastruktur obyektlərinə zərbələr endirib.
"Operativ Media" xəbər verir ki, bu barədə "Ukrainskaya Pravda" Silahlı Qüvvələrin (SQ) Baş Qərargahına istinadən məlumat yayıb.
“Müdafiə qüvvələri “Yamal” və “Azov” iri amfibiya gəmilərini, rabitə mərkəzini, həmçinin Rusiya Qara Dəniz Donanmasının bir sıra infrastruktur obyektlərini uğurla vurub”, - Ukrayna Silahlı Qüvvələrinin bəyanatında deyilir.
Bundan əvvəl Sevastopol qubernatoru Mixail Razvozjaev bildirmişdi ki, Rusiya hərbçiləri Ukraynanın son vaxtlar Sevastopola ən böyük kütləvi hücumunu dəf edib. Daha sonra o qeyd edib ki, Sevastopolda gecə saatlarında baş verən kütləvi raket hücumu nəticəsində nəqliyyat infrastrukturu qismən zədələnib.