
Avropa Birliyi "Facebook" və "Instagram"ın sahibi "Meta"ya qarşı araşdırma başladıb.
"Operativ Media" xəbər verir ki, Aİ Komissiyası "Meta"nın Aİ Rəqəmsal Xidmətlər Qanununu (DSA) pozub-pozulmadığını müəyyən etmək üçün rəsmi araşdırmaya başlanıldığını açıqlayıb.
"Şübhəli pozuntulara "Meta"nın xidmətlərindəki aldadıcı reklam və siyasi məzmunla bağlı siyasət və təcrübələri daxildir", - bəyanatda deyilib.
Açıqlamada "Meta"nın qarşıdan gələn Avropa Parlamenti (AP) seçkiləri öncəsi effektiv seçki müşahidə sistemi qurmadığı vurğulanıb.
Bəyanatda bildirilib ki, komissiya əlavə məlumat və sübutların toplanmasına davam edəcək və bu mərhələdən sonra isə "Meta" bu sahələrdə gördüyü tədbirlər barədə məlumat verməlidir.
Aİ-nin qəbul etdiyi qanuna əsasən, əsas rəqəmsal platformalar ciddi qaydalara tabedir. Aİ qaydaları pozan rəqəmsal platformalar üçün qlobal dövriyyəsinin 6 faizinə qədər cərimə tətbiq edə bilər.
Qeyd edək ki, AP seçkiləri 6-9 iyun 2024-cü il tarixlərində keçiriləcək.
Aİ rəqəmsal platformaların seçkilərdən əvvəl saxta xəbərlərə və dezinformasiyaya qarşı mübarizədə addımlar atmasını gözləyir.