"Son zamanlar yerli turistlərin üz tutduğu əsas səyahət növlərindən biri də gəmi səyahətləridir. Kruiz turlarının qiymətləri isə fərqlidir".
Bunu "Operativ Media"ya açıqlamasında turizm üzrə ekspert Elgün Babayev deyib.
Ekspertin sözlərinə görə, tələbin çox olmasına səbəb loukosterlərin Azərbaycandan uçuşlara başlamasıdır. Ucuz bilet alan şəxslər Avropanın port şəhərlərini seçirlər.
"Qiymətlər əsasən 500, 700, 1000 avrodan başlayır. Bu qiymətlər əlbəttə ki, gün sayından asılıdır. Turların başlama nöqtələrinin əksəriyyəti Avropa istiqamətindən başlayır, yəni port-şəhərlərdən start götürür. Rusiya tərəfdən də kruiz turlar var, amma oradan çox azdır. İzmirdən də kruiz turlar etmək olar, amma eyni ilə orda da kruizlər çox azdır, təxminən 3-5 günlük təşkil edilir. Avropadan fərqli olaraq orada bir çox ölkələr gəzilmir. Misal üçün, Avropa istiqamətində olan kruizlər daha çox ölkələri gəzdirir, burada 5-7 portdan söhbət gedir və bunların hamısını 7-10 günə sığışdırırlar. Demək olar ki, 1 həftəlik kruizturlar 800-1000 avro civarındadır. 3-4 günlük kruizlər də var ki, onların qiyməti isə 1 nəfər üçün 300-500 avro civarında hesablanır".






