Dekabrın 23-də səhər saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportunda "Qantas Airways" aviaşirkətinə məxsus təyyarənin qəza eniş etməsi səbəbindən həyəcan siqnalı elan edilib.
"Operativ Media" xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat yayıb.
Bildirilib ki, Sinqapur-London marşrutu ilə hərəkət edən aviaşirkətin "Airbus A380" təyyarəsi yük bölməsində yaranan tüstü səbəbindən Bakı hava limanına qəza eniş sorğusu göndərib.
Təyyarə yerli vaxtı ilə saat 07:08-də uğurla eniş edib, hadisə zamanı xəsarət alan olmayıb. Təyyarədə 356 sərnişin olub.
Bakı aeroportunda elan edilən həyacan siqnalı ilə əlaqədar bütün qəza-xilasetmə xidmətləri hazır vəziyyətə gətirilib.
Hazırda hava gəmisinə baxış keçirilir və hadisənin baş verməsinin bütün səbəblərini müəyyən etmək üçün zəruri tədbirlər kompleksi təşkil olunur.