ABŞ: Şimali Koreyanın atışları Pxenyanın təcridini artıracaq
Şimali Koreyanın bu həftənin əvvəlində atdığı raketlər Pxenyanın daha böyük ölçüdə təcrid olunmasına gətirib çıxaracaq.
"Operativ Media" xəbər verir ki, bu mövqe Dövlət Departamentinin bəyanatında öz əksini tapıb.
Sənəddə deyilir: "Birləşmiş Ştatlar KXDR-in mayın 27-də və 29-da ballistik raket texnologiyasından istifadə edərək, BMT Təhlükəsizlik Şurasının bir sıra qətnamələrini bilavasitə pozmasını ən sərt şəkildə pisləyir. Amerika tərəfinin fikrincə, bu atışlar Koreya yarımadasına, regiona, sülhə və beynəlxalq təhlükəsizliyə ciddi təhdid yaradır, həmçinin qlobal yayılmama rejimini pozur".
"Şimali Koreyanın hərəkətləri yalnız təcridini dərinləşdirəcək və Koreya yarımadasında sabitlik və təhlükəsizliyə xələl gətirəcək", - Dövlət Departamenti bildirib. Departament qeyd edib ki, Birləşmiş Ştatlar və onun müttəfiqləri KXDR-in qeyri-qanuni gəlir əldə etməsinin qarşısını almağa davam edəcəklər.
Cənubi Koreya Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin məlumatına görə, cümə axşamı səhər tezdən KXDR 10 qısa mənzilli raket buraxıb. Yaponiyanın baş naziri Fumio Kişida bu atışları BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulması adlandırıb və Yaponiyanın KXDR-ə etiraz etdiyini qeyd edib.