Müttəfiqlər "Ukraynaya eniş" edir?
Ukrayna prezidenti Vladimir Zelenski Fransada keçirilən Müttəfiq qüvvələrin Normandiyaya desantının 80-ci ildönümünü qeyd edərkən gələcəkdə "Ukraynaya desant" ediləcəyinə ümid etdiyini bildirib.
"Operativ Media" xəbər verir ki, bu barədə Zelenski jurnalistlərə açıqlamasında deyib.
Zelenski bir jurnalistin bir gün "Ukraynaya desant" baş verib-verməyəcəyi ilə bağlı sualına belə cavab verib: "Ümid edirəm ki, belə olacaq".
Bu sözlərdən dərhal sonra Emmanuel Makron üzündə təbəssümlə Zelenskini çiynindən qucaqlayıb.
Daha əvvəl "Reuters" diplomatik dairələrdəki mənbələrə istinadən xəbər vermişdi ki, Fransa Rusiya ilə birbaşa toqquşma təhlükəsinə baxmayaraq, bu həftə Ukraynaya hərbi təlimatçılar göndərə bilər.
Məlumata görə, ilkin mərhələdə Paris məhdud sayda təlimatçı göndərə bilər, sonra isə onu bir neçə yüzə çatdırmağı planlaşdırır. Agentlik mənbələrinin məlumatına görə, bu missiya nə Avropa İttifaqının, nə də NATO-nun himayəsi altında fəaliyyət göstərəcək.