İspaniyadakı qəbiristanlıqlar günəş enerjisi sahələrinə çevriləcək
Nərmin Qocamanlı
Valensiya şəhəri qəbiristanlıqlarını yaşıl enerji mərkəzlərinə çevirmək üçün qəbiristanlıqlarda minlərlə günəş paneli quraşdıracaq. "Requiem in Power" (RIP) layihəsi təxminən 2,8 MVt elektrik enerjisi istehsal etmək gücünə malik İspaniyanın ən böyük şəhər günəş ferması olacaq.
"Operativ Media" xəbər verir ki, layihənin təfərrüatları Avropa Birliyinin məlumat hesabatında əks olunub. Belə ki, Valensiyadakı qəbiristanlıqlardakı kriptlərdə və digər strukturlarda təxminən 7000 fotovoltaik panel quraşdırılıb.
"Bu ictimai yerlər təmiz enerji istehsalı üçün geniş ərazi təklif edir. İstehsal olunan enerji həm ictimai xidmətlərdə, həm də şəhər sakinlərinin evlərində istifadə olunacaq", - məlumat qeydində deyilib.
Hesablamalara görə, RIP layihəsi tam fəaliyyətə başlayanda hər il 140 tona qədər karbon emissiyasının qarşısını alacaq.
Bu layihə Valensiya 2030 İqlim Məqsədi çərçivəsindədir. Aralıq dənizi şəhəri Avropa Birliyinin 2030 İqlim Hədəfi ilə 2050-ci ilə qədər iqlimə neytral olmaq məqsədinin qabaqcıllarından biri olub.
Şəhər səviyyəsində Valensiya bu məqsədə vaxtından 20 il tez nail olmağı və 2030-cu ilə qədər iqlim neytrallığına nail olmağı hədəfləyir.
Qeyd edək ki, Valensiya qəbiristanlıqlarında günəş panelləri quraşdıran ilk yer deyil. Fransada bir kommuna 2021-ci ildə qəbiristanlığını bərpa olunan enerji mərkəzinə çevirmək üçün layihəyə başlayıb.