Yunanıstan son illərin ən quraq iyununu yaşayıb
Bu ilin iyun ayında Yunanıstanda mövsümi normadan artıq quraqlıq olub.
"Operativ Media" xəbər verir ki, bu barədə Yunanıstan Meteorologiya İdarəsinin dərc etdiyi hesabatda qeyd olunub.
Ölkədəki yağış ölçmə mərkəzləri tərəfindən müəyyən edilən 2007-2023-cü illər dövrünə aid iyun yağış ortalamaları bu ilin iyun ayı ortalaması ilə müqayisə edilib.
Məlumata görə, 2007-2023-cü illər ərzində Afinanın mərkəzində orta yağıntı 21 millimetr olduğu halda, bu ilin iyun ayında bölgəyə yağıntı düşməyib. 2007-2023-cü illərdə orta yağıntının miqdarı 40 millimetr olan Livadiya və orta yağıntının miqdarı 35 millimetr olan Spartaya bu ilin iyun ayında heç bir yağış düşməyib.
Müəyyən edilib ki, iyun ayında ölkə üzrə yağıntılar 2007-2023-cü illərin orta göstəricisindən xeyli az olub.
Yunanıstan Meteorologiya İdarəsinin hesabatında 2010-cu ildən bu yana ölkədəki 53 meteoroloji stansiyada edilən müntəzəm ölçmələrdə təyin olunan iyun ayı temperatur ortalamaları araşdırılıb və bu ilin iyun ayı temperatur ortalamalarının 2010-cu ildən bəri ən yüksək səviyyəyə çatdığı qeyd edilib.
Belə ki, iyun ayında havanın orta temperaturu bəzi rayonlarda digər illərin orta göstəricisindən 4,8 dərəcə yüksək olub.
Rodos adasındakı Lindos kəndində yerləşən meteoroloji stansiyada iyunda ölçülən ən yüksək temperatur 43,6 dərəcə ilə qeydə alınıb.