İyulun 12-də bəzi qanun layihələri üzrə səsvermə zamanı hakerlər Seymin (Polşa parlamentinin aşağı palatası) saytına DDoS hücumu həyata keçiriblər.
"Operativ Media" xəbər verir ki, bu barədə jurnalistlərə Seymin spikeri Şimon Holovniya məlumat verib.
"İndi biz bilirik ki, bu, SİM kartdan istifadə edən cihazlar vasitəsilə Seymin veb saytına qoşulmağı qeyri-mümkün etməyə yönəlmiş bir DDoS hücumu idi", - Holovniya qeyd edib.
Qeyd edilib ki, səsvermə zamanı sayta daxil olarkən ziyarətçilər "səhifə müvəqqəti olaraq əlçatan deyil" və ya səhifənin yeni ünvana köçürülməsi barədə bildiriş görüblər. Bəzi deputatlar səsverməyə çıxarılan qanun layihələrinə düzəlişlərlə çıxış edə bilmədiklərindən şikayətləniblər. Buna baxmayaraq, müxalifətin onun dayandırılması tələbinə baxmayaraq Seymin iclası davam edib.
İyun ayında hakerlər iki dəfə Avropa futbol çempionatının oyunlarının yayımı zamanı Polşa televiziyasına DDoS hücumları təşkil ediblər. Bir halda, Polşa səlahiyyətliləri heç bir sübut təqdim etmədən Rusiyanı buna görə günahlandırdılar.