Orban sülhməramlı missiyası haqqında hesabat dərc edəcək
Macarıstanın Baş naziri Viktor Orban Ukrayna münaqişəsinin həlli yollarını tapmaq üçün iyulun 2-dən 11-dək Ukrayna, Rusiya, Çin və ABŞ səfərləri zamanı həyata keçirdiyi sülhməramlı missiyası haqqında hesabat dərc edəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə Macarıstan hökumətinin başçısının mətbuat katibi Bertalan Havaşi məlumat verib.
Onun sözlərinə görə, missiyasının aydınlığı və şəffaflığı üçün Orban Ukrayna Prezidenti Volodimir Zelenski, Rusiya Prezidenti Vladimir Putin, Çin Prezidenti Si Cinpin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə söhbətlərinin xülasəsini dərc edəcək.
Orbanın Avropa Şurasının sədri Şarl Mişelə göndərdiyi təkliflər də dərc olunacaq.
"Baş nazir ümid edir ki, onun hesabatı və təklifləri Avropa Şurası prezidentinin lazımi vaxtda və düzgün formada Aİ liderlərinə təqdim edə biləcəyi istənilən təşəbbüslərə faydalı töhfə olacaq", - məlumatda qeyd olunub.