Xəbər verdiyimiz kimi, Fələstinin radikal HƏMAS hərəkatı İranda siyasi büronun rəhbəri İsmayıl Haniyənin öldürüldüyünü elan edib.
"Operativ Media" xəbər verir ki, müvafiq bəyanat hərəkatın "Telegram" kanalında dərc olunub.
HƏMAS bildirib ki, Siyasi Büro rəhbəri İsmayıl Haniyə İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etdikdən sonra İsrailin onun iqamətgahına basqın etməsi nəticəsində Tehranda öldürülüb.
Əl Hadath telekanalı isə öz növbəsində Haniyənin birbaşa raket zərbəsi nəticəsində həlak olduğunu bildirib. Bildirilib ki, zərbə zamanı o, yataq otağında olub.
HƏMAS Siyasi Bürosunun sədr müavini Musa Əbu Mərzuk bildirib ki, Siyasi Büronun rəhbəri İsmayıl Haniyənin qətli cavabsız qalmayacaq.
İsrail ordusunun nümayəndələri HƏMAS-ın siyasi büro rəhbərinin ölümü ilə bağlı şərh verməkdən imtina ediblər .
CNN xəbər verir ki, Ağ Ev Haniyənin İranda ölümü ilə bağlı xəbərləri nəzərdən keçirib. Qeyd olunur ki, Ağ Ev nümayəndəsi bu məsələ ilə bağlı daha ətraflı məlumat verməkdən imtina edib.
Fələstin prezidenti Mahmud Abbas HƏMAS siyasi bürosunun rəhbərinin qətlini pisləyib .
Radikal Fələstin İslami Cihad hərəkatı bildirib ki, Haniyənin öldürülməsi Qəzza zolağında İsrail ordusuna qarşı müqavimətə son qoymayacaq.
Türkiyə Xarici İşlər Nazirliyi HƏMAS Siyasi Bürosunun rəhbərinin qətlini pisləyib və Fələstin xalqına başsağlığı verib.






