Azərbaycan bir çox beynəlxalq siyasi və iqtisadi təşkilatlara üzvdür. Bu təşkilatlar vasitəsilə ölkə regional və qlobal səviyyədə siyasi, iqtisadi, sosial və mədəni əlaqələrini inkişaf etdirir.
Operativ Media Azərbaycanın üzv olduğu bəzi mühüm beynəlxalq təşkilatlar haqqında məlumatları təqdim edir:
1. Birləşmiş Millətlər Təşkilatı (BMT)
Azərbaycan 2 mart 1992-ci ildə BMT-yə üzv olub. Bu təşkilat vasitəsilə ölkə qlobal sülh və təhlükəsizlik, davamlı inkişaf və insan hüquqları sahəsində beynəlxalq əməkdaşlığa töhfə verir. Azərbaycan həmçinin BMT-nin bir çox ixtisaslaşmış qurumlarının, o cümlədən UNESCO, UNDP və UNICEF-in üzvüdür.
2. Qoşulmama Hərəkatı (QH)
Azərbaycan 2011-ci ildən Qoşulmama Hərəkatının üzvüdür. 2019-2023-cü illərdə Azərbaycan QH-yə sədrlik edib və bu dövr ərzində təşkilatın fəaliyyətinin daha səmərəli olması üçün bir sıra təşəbbüslər irəli sürüb.
3. İslam Əməkdaşlıq Təşkilatı (İƏT)
Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvüdür və bu çərçivədə müsəlman ölkələri ilə siyasi, iqtisadi və mədəni əlaqələr qurur.
4. Avropa Şurası
Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. Bu təşkilat çərçivəsində insan hüquqları, demokratiya və qanunun aliliyi sahələrində əməkdaşlıq həyata keçirir.
5. Türk Dövlətləri Təşkilatı (TDT)
Türkdilli ölkələr arasında əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılan Türk Dövlətləri Təşkilatının üzvüdür. Azərbaycan bu təşkilatda fəal iştirak edir və türkdilli ölkələr arasında iqtisadi, mədəni və siyasi əlaqələrin inkişafına töhfə verir.
6. Müstəqil Dövlətlər Birliyi (MDB)
Azərbaycan keçmiş SSRİ ölkələri arasında əməkdaşlığı təşviq edən MDB-nin üzvüdür. Bu təşkilat çərçivəsində iqtisadi və mədəni əlaqələrə xüsusi diqqət yetirilir.
7. Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT)
Azərbaycan ATƏT-in üzvü olaraq təhlükəsizlik, insan hüquqları və demokratik inkişaf sahələrində fəaliyyət göstərir.
8. Dünya Ticarət Təşkilatı (DTQ)
Azərbaycan hələlik DTQ-nin müşahidəçi statusunda olan üzvüdür və tamhüquqlu üzvlük üçün danışıqlar aparır.
9. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT)
Azərbaycan 1992-ci ildən bu təşkilatın üzvüdür. Təşkilat çərçivəsində iqtisadi əməkdaşlıq, nəqliyyat, enerji və digər sahələrdə regional inteqrasiyaya töhfə verilir.
10. Enerji Təşkilatları
Azərbaycan enerji resurslarının zənginliyi ilə bir çox beynəlxalq enerji təşkilatlarının fəal üzvüdür. Ölkə OPEC+ formatında iştirak edir və qlobal enerji bazarına təsir edən layihələr həyata keçirir. Eyni zamanda, Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi kimi beynəlxalq layihələrdə əsas rol oynayır.
Qeyd edək ki, Azərbaycan ötən il D8 İqtisadi Əməkdaşlıq Təşkilatına da üzv olub.
Təşkilata üzv dövlətlər bunlardır: Azərbaycan, Banqladeş, Türkiyə, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya, Pakistan.
 
Bu üzvlüklər Azərbaycanın beynəlxalq mövqeyini gücləndirmək və həm siyasi, həm də iqtisadi baxımdan tərəfdaşlıq əlaqələrini genişləndirmək məqsədinə xidmət edir.
Milli Məclisin deputatı Tahir Rzayev saytımıza Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığı və bu əlaqələrin möhkəmləndirilməsindən danışıb.

O, bildirib ki, Azərbaycanın beynəlxalq təşkilatlarla sıx əlaqələr qurması və bu əməkdaşlığın gündən-günə güclənməsi, sözsüz ki, dövlətimizin milli maraqlarına xidmət edir:
"Bu sahədə həyata keçirilən tədbirlər ölkənin inkişafına, xalqın rifahına, regionda sülhün, əmin-amanlığın və demokratik dəyərlərin inkişafına mühüm töhfə verir. Azərbaycan demokratik respublika olaraq, milli maraqlarını qorumaqla yanaşı, beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verir. Prezident İlham Əliyevin əsas məqsədi Azərbaycan xalqını daha parlaq və firavan gələcəyə aparmaq, dövləti davamlı inkişaf etdirmək və bu çərçivədə beynəlxalq əlaqələri genişləndirməkdir.
Azərbaycan, bir çox beynəlxalq təşkilatın üzvü olmaqla yanaşı, həmin təşkilatlarda fəal iştirak edir. Xüsusilə, ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyət göstərməsi beynəlxalq arenada Azərbaycan diplomatiyasının uğurlarından biridir. Prezident İlham Əliyevin Qoşulmama Hərəkatına sədrliyi dövründə bu təşkilatın nüfuzunun artırılması, BMT səviyyəsində tədbirlərin təşkilində yaxından iştirakı, Azərbaycanın beynəlxalq mövqeyini daha da gücləndirib. COP29-un Azərbaycanda keçirilməsi və bunun uğurlu nəticələri də ölkəmizin beynəlxalq əməkdaşlıq sahəsində əldə etdiyi nailiyyətlərin bariz nümunəsidir.
Beynəlxalq təşkilatlarla münasibətlərin yaxşılaşdırılması Azərbaycanın iqtisadi, siyasi və təhlükəsizlik sahələrində mövqeyini daha da gücləndirir. Bu fakt, xüsusilə, 44 günlük Vətən Müharibəsi zamanı və sonrakı antiterror tədbirlərində bir daha özünü göstərdi. Bir çox beynəlxalq təşkilatlar Azərbaycanın haqlı mövqeyini dəstəklədi və ölkəmizin qazandığı qələbəni beynəlxalq hüquq normalarına uyğun olaraq qəbul etdilər. Azərbaycan öz torpaqlarını azad etmək hüququna malik olduğunu sübut etdi və bu, beynəlxalq ictimaiyyət tərəfindən də ədalətli mövqe kimi qəbul olundu.
Bununla yanaşı, bəzi beynəlxalq təşkilatlar və xarici parlamentlər ikili standartlardan çıxış edərək, Azərbaycanın haqlı tələblərinə mane olmağa çalışırlar. Lakin Azərbaycan rəhbərliyinin beynəlxalq hüquq prinsiplərinə əsaslanan mövqeyi bu cür cəhdləri uğursuz edir. Prezident İlham Əliyev beynəlxalq təşkilatlarla əlaqələrin möhkəmləndirilməsini prioritet vəzifə kimi qarşıya qoyur və bu istiqamətdə görülən işlər artıq real nəticələr verir.
Görülən tədbirlər Azərbaycanın davamlı inkişafını, xalqın təhlükəsizliyini və rifahını təmin etmək üçün möhkəm təməl yaradır. Bu siyasət hər bir Azərbaycan vətəndaşı tərəfindən dəstəklənir və ölkənin gələcək uğurlarının təminatçısıdır".
Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov isə bildirib ki, Azərbaycan beynəlxalq qurumlarla qarşılıqlı əməkdaşlıq formasında əlaqələrini genişləndirir:

"Həm Dünya Bankı, həm Beynəlxalq Valyuta Fondu, həm də Asiya İnkişaf Bankı ilə bu sahədə uğurlu əməkdaşlıq qurulmuşdur.
Eyni zamanda, Avropa Yenidənqurma və İnkişaf Bankı ilə də əməkdaşlıq davam etdirilir. Azərbaycanın Qoşulmama Hərəkatında da fəal rolu var və bu təşkilatın sədri olduğu dövrdə Qoşulmama Hərəkatı fəaliyyətində yeni bir mərhələyə qədəm qoymuşdur.
Bir tərəfdən, Azərbaycanın beynəlxalq platformalar vasitəsilə öz həqiqətlərini daha geniş auditoriyaya təqdim etməsi vacibdir. Digər tərəfdən isə, Azərbaycan üçün qlobal çağırışlara reaksiya vermək və qlobal problemlərin həllinə töhfə vermək imkanı yaranır. Məsələn, Azərbaycan BMT çərçivəsində COP29-a ev sahibliyi etdi və iqlim dəyişikliyi ilə bağlı məsələlərə töhfə verən ölkələrdən biridir.
Bu əməkdaşlıq, həmçinin Azərbaycan üçün öz mövqeyini və islahatlarla bağlı məlumatları beynəlxalq ictimaiyyətə çatdırmaq baxımından əhəmiyyətlidir. Eyni zamanda, qlobal proseslərdə fəal iştirak etmək və qlobal çağırışların aradan qaldırılmasına töhfə vermək üçün də mühüm bir platformadır".

Qeyd: material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusunun təşviq edilməsi istiqaməti üzrə hazırlanıb.
 






