Menyu

Taksitlə telefon və məişət texnikası almaq -Vətəndaşlar nə qədər artıq pul ödəyir?

Ayşən Sadıxzadə
Taksitlə telefon və məişət texnikası almaq -Vətəndaşlar nə qədər artıq pul ödəyir?
2 dəq oxu

İstehlak kreditlərinə tələbatın artması əhalinin maliyyə davranışına və gündəlik xərclərini qarşılamaq imkanlarına təsir edən əsas məsələlərdən birinə çevrilib. Telefon, məişət texnikası və digər gündəlik tələbat mallarının kreditlə alınmasına marağın artması həm bank sektorunda kredit təkliflərinin genişlənməsi, həm də əhalinin gəlir və xərc balansı ilə əlaqələndirilir. 

Bu sözləri Operativ Media-ya Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov deyib. 

O bildirib ki, bununla yanaşı, kreditlə alış-veriş zamanı istehlakçıların müqavilə şərtlərinə, məhsulun keyfiyyətinə və zəmanət hüquqlarına diqqət yetirməsi də vacibdir:

“Əhalinin istehlak kreditlərinə olan tələbinin artmasına müxtəlif amillər təsir edir. Bunlardan ən vacibi gəlir səviyyəsinin xərcləri tam qarşılamağa kifayət etməməsidir. Digər tərəfdən, əvvəllər kredit satışının tələblərinə cavab verməyən şəxslərin bir qisminin iş yerlərinin və əməkhaqlarının rəsmiləşdirilməsi nəticəsində potensial müştəri bazasının genişlənməsi, eləcə də bank sektorunda digər sahələrlə müqayisədə nisbətən rəqabətli mühitin mövcudluğu da bu artımda müəyyən rol oynayır.

Kredit portfelinin böyük hissəsinin istehlak məqsədlərinə yönəlməsi bir sıra vacib məqamları üzə çıxarır. Bu, əhalinin kreditləri əsasən gündəlik xərclərini, məişət ehtiyaclarını və qısaömürlü istehlak mallarının alışını maliyyələşdirmək üçün götürdüyünü göstərir.

İstehlak kreditlərinin müxtəlif təsnifat formaları mövcuddur. Bu bölgülər müəyyən qədər şərti xarakter daşısa da, kreditlərin əsas xüsusiyyətlərini əks etdirir. Onlardan biri kreditlərin məqsədli (təyinatlı) və məqsədsiz (təyinatsız) kreditlərə bölünməsidir.

Təyinatlı kreditlər bank tərəfindən konkret məhsulun və ya xidmətin alınması üçün verilir. Bu zaman vəsait birbaşa borcalana təqdim edilmir, nağdsız şəkildə satıcının hesabına köçürülür. Təyinatsız kreditlərdə isə vətəndaşa nağd pul verilir və o, həmin vəsaiti istənilən ehtiyacına yönəldə bilir.

İstehlak bazarında telefon, məişət texnikası və digər əşyaların kreditlə alınması ilə bağlı müraciətlər də çoxalıb. Belə alış-veriş zamanı istehlakçılar yalnız aylıq ödəniş məbləğinə deyil, məhsulun keyfiyyətinə və satış şərtlərinə də diqqət yetirməlidirlər.

Hər bir vətəndaş məişət texnikası alarkən məhsulun komplektliyini, keyfiyyətini, istehsalçı haqqında məlumatın mövcudluğunu və malın qısa annotasiyasının təqdim edilməsini yoxlamalıdır. Eyni zamanda, məhsula aid sənədlərin alıcıya verilməsi də vacibdir.

Bununla yanaşı, satıcı ilə müqavilə bağlanmalı, qəbz və ya kassa çeki alınmalıdır. Zəmanət müddəti nəzərdə tutulan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən digər sənəd, eləcə də zəmanətli satış tələb edilməlidir”.

Əlaqəli Xəbərlər