ABŞ Qəzza münaqişəsinə son qoymaq üçün razılaşma təklif edə bilər

Əziz Əzizli
ABŞ Qəzza münaqişəsinə son qoymaq üçün razılaşma təklif edə bilər

Vaşinqton yaxın vaxtlarda İsrail və HƏMAS-a Qəzza zolağındakı münaqişənin dayandırılmasını və bütün girovların azad olunmasını nəzərdə tutan razılaşma təklif edə bilər.

Operativ Media-nın məlumatına görə, bu barədə “The Jerusalem Post” mənbəyə istinadən xəbər verib.

Məlumata görə, ABŞ-nin prezidenti Donald Tramp administrasiyasının bir neçə üzvü hesab edir ki, “hərtərəfli saziş təklif etmək vaxtı çatıb”. Bu razılaşma həm münaqişənin dayandırılmasını, həm də bütün girovların azad edilməsini təmin etməlidir. Lakin mənbə etiraf edib ki, Vaşinqton üçün belə bir sazişin bağlanması məqsədilə hər iki tərəfin razılığını almaq çətin olacaq.

Nəşrin yazdığına görə, İsrail rəhbərliyi HƏMAS-a hərəkatın razılığını təmin etmək üçün ultimatum vermək imkanını nəzərdən keçirir.

İyulun 27-də HƏMAS-ın Qəzza zolağındakı lideri Xəlil əl-Həya bildirib ki, Fələstin anklavının davam edən blokadası fonunda İsraillə danışıqların heç bir mənası yoxdur. Bundan əvvəl İsrailin baş naziri Binyamin Netanyahu HƏMAS-ın Fələstin anklavında atəşkəs təklifinə cavab verməməsi ilə əlaqədar, iyulun 6-dan Qəzza zolağında aparılan danışıqlarda iştirak edən nümayəndə heyətinin Dohadan geri çağırılması barədə göstəriş vermişdi.

ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff isə “X” sosial şəbəkəsində yazıb ki, Vaşinqton da "HƏMAS-ın Qəzzada atəşkəsə nail olmaq istəyinin olmadığını açıq şəkildə göstərən son cavabından sonra" danışıqlar aparan heyəti Dohadan geri çağırmaq qərarına gəlib.

Digər xəbərlər