Qarlı dağ yollarında təhlükəsiz hərəkət üçün nələrə diqqət edilməlidir?
Qış aylarında Azərbaycanın dağlıq bölgələrinə səyahət edən sürücülər qar, buzlanma, məhdud görünüş və yol şəraitinin qəfil dəyişməsi kimi təhlükələrlə üzləşə bilərlər. Belə şəraitdə avtomobilin texniki hazırlığı, düzgün sürət seçimi və təhlükəsizlik qaydalarına əməl edilməsi mümkün qəza risklərinin azaldılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Bu barədə Operativ Media-ya təhlükəsizlik eksperti Samir Nəbiyev danışıb.
Ekspert bildirib ki, qışda dağ yollarında əsas təhlükələrdən biri təkərlərin yol səthi ilə ilişməsinin azalması və görünüş məsafəsinin məhdudlaşmasıdır. Xüsusilə körpülərdə və kölgəli yol hissələrində sürücünün çətinliklə seçdiyi nazik buz təbəqəsi yarana bilər:
“Qarlı və buzlu yollarda avtomobilin dayanma məsafəsi quru yolla müqayisədə 10 dəfəyədək arta bilər. Buna görə də sürətin azaldılması və nəqliyyat vasitələri arasında ara məsafəsinin artırılması həyati əhəmiyyət daşıyır.
Səfərə çıxmazdan əvvəl rəsmi hava proqnozu və yollardakı məhdudiyyətlər yoxlanılmalı, planlaşdırılan marşrut barədə yaxınlara məlumat verilməlidir.
Avtomobilin qış şəraitinə hazırlanması da vacibdir. Səfərdən əvvəl təkərlər, akkumulyator, antifriz, işıqlar və şüşəsilənlər yoxlanılmalıdır. Qarlı dağ yollarında hərəkət üçün qış təkərləri, avtomobilə uyğun qar zənciri, kifayət qədər yanacaq, isti geyim, su və telefon üçün əlavə enerji ehtiyatı nəzərdə tutulmalıdır.
Bu hazırlıqlar yolda qalma zamanı soyuqdan qorunmaq və zərurət yarandıqda kömək çağırmaq üçün vacibdir. Çovğun və təhlükəli buzlanma zamanı isə turistik səfərin təxirə salınması tövsiyə olunur”.
Təhlükəsizlik eksperti dağ yollarında sürücülərin davranışına da diqqət çəkib. Onun sözlərinə görə, sürət elə seçilməlidir ki, avtomobili görünən yol məsafəsi daxilində təhlükəsiz dayandırmaq mümkün olsun. Döngəyə çatmamış sürəti azaltmaq, sükanı, qazı və əyləci rəvan idarə etmək lazımdır. Qəfil manevrlər avtomobilin sürüşməsi və idarəetmənin itirilməsi riskini artırır.
Samir Nəbiyev vurğulayıb ki, uzun enişlərə başlamazdan əvvəl uyğun aşağı ötürmənin seçilməsi sürəti nəzarətdə saxlamağa kömək edir. Bu səbəbdən sürücülər dağ yollarında hərəkət zamanı yolun relyefini və hava şəraitini nəzərə almalı, avtomobili idarə edərkən ehtiyatlı davranmalıdırlar.
Ekspert avtomobilin qarda ilişib qalması zamanı görülməli tədbirlər barədə də danışıb. O bildirib ki, təhlükəli vəziyyətdə köməksiz qalan sürücü 112-yə zəng edərək olduğu yeri və vəziyyəti dəqiq bildirməlidir. Ətrafda birbaşa təhlükə yoxdursa, avtomobildən uzaqlaşmadan yardım gözləmək tövsiyə olunur.
Onun sözlərinə görə, avtomobilin mühərriki vasitəsilə isinmək lazım gəldikdə işlənmiş qaz borusunun qarla tutulmadığı yoxlanılmalıdır. Mühərrik yalnız qısa fasilələrlə işlədilməlidir. Çünki qaz borusunun qarla bağlanması dəm qazının avtomobilin salonunda toplanmasına və zəhərlənməyə səbəb ola bilər.
