Tarixi zəfərin yaşandığı torpaqlarda təhsil: Qarabağ Universitetinin tələbələri danışır

Nərmin Qocamanlı
Tarixi zəfərin yaşandığı torpaqlarda təhsil: Qarabağ Universitetinin tələbələri danışır

Xəbər verdiyimiz kimi, 2025/2026-cı tədris ili üçün 600-dən yuxarı bal toplayan 127 nəfər gənc Qarabağ Universitetinin tələbəsi adını qazanıb. 

Operativ Media xəbər verir ki, həmin tələbələrdən biri də Nuran Ədilzadədir.

O, 654 balla Qarabağ Universitetinin Tibb və Sağlamlıq Elmləri fakültəsinə qəbul olub.

Nuran Ədilzadə deyir ki, tarixi zəfərin yaşandığı torpaqlarda təhsil almaq onun üçün böyük qürurdur:



"Tarixi zəfərin yaşandığı bu torpaqlarda təhsil almaq mənim üçün böyük qürurdur. Qarabağ Universitetini seçməyimin əsas səbəblərindən biri yeni dövrün tələblərinə cavab verən, yüksək keyfiyyətli təhsil mühitinin yaradılmasıdır. Xüsusilə tibb fakültəsində tələbələrin nəzəri biliklərlə yanaşı, birinci kursdan etibarən praktiki təcrübələrə cəlb olunması çox önəmli amildir".

O, nailiyyətində əsas amillər kimi intizamlı oxunu, hər günün səmərəli istifadəsini və gələcək hədəflərə fokuslanmanı göstərib:

"Yüksək bal toplamağımın əsas sirri qarşıya qoyulan məqsədə çatmaqdır. Motivasiya hər zaman yüksək olmalı, çətinliklər qarşısında geri çəkilməməlisən. Mənim nəticəyə çatmağımda ailəmin, müəllimlərimin və dostlarımın inamı və dəstəyi də böyük rol oynayıb".

"Universitetə hazırlıq dövründə əsas prioritetlərim vardı: ilk olaraq sağlam oxu rejimi qurmaq – həm öyrənməyə, həm də istirahətə vaxt ayırmaq. İkinci məqsədim hər mövzunu yalnız imtahana görə deyil, gələcək peşə həyatımda istifadə edə biləcəyim bilik kimi öyrənmək idi. Üçüncü vacib məqam isə davamlılıq idi – hər gün müəyyən qədər oxumaq və imtahana qədər işi son günlərə saxlamamaq", - Nuran Ədilzadə qeyd edib.

Operativ Media-nın digər müsahibi isə 595,7 bal ilə Qarabağ Universitetinin Hüquqşünaslıq fakültəsinə qəbul olan Kərəmcan Kərimlidir.

O, Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunudur. Orta məktəbi qızıl medal və fərqlənmə attestatı ilə bitirib.

Boş vaxtlarında ofisiant işləyən Kərəmcan Kərimli elə tələbə olduğunu da işdə öyrənib. Onun öz sevincini bölüşdüyü video isə qısa müddətdə sosial şəbəkələrdə yayılıb.

Kərəmcan Kərimli Qarabağ Universitetini seçməyinin səbəblərindən danışıb:

"Hazırda Qarabağ Universiteti diqqət mərkəzindədir. Həmçinin həmin universitetdə təhsil alan yaxınlarım, tanışlarım və dostlarım orada təhsilin keyfiyyətli olmasından, tələbələrə nəzarətin və diqqətin yüksək olmasından danışırlar. Bu fikirlər mənim Qarabağ universitetinə marağımı daha da artırdı".

O, yüksək nəticə göstərməyinin planlı şəkildə çalışmağından irəli gəldiyini vurğulayıb:

“Yüksək nəticə göstərməyimin sirri, ilk növbədə çox çalışmaq, əzmkar olmaq və planlı şəkildə fəaliyyət göstərməkdir. Bununla yanaşı, valideyn nəzarəti, intizam və ən əsası isə seçdiyim ixtisasa olan sevgi uğuruma böyük təsir göstərib.”

576,8 bal ilə Qarabağ Universitetinin Azərbaycan dili müəllimliyi ixtisasında ən yüksək nəticə göstərən Gülcan Əmirahova bildirib ki, bu ali məktəbə qəbul olmaq onun ən böyük xəyallarından biri olub: 

"Ən böyük arzularımdan biri Qarabağ Universitetində ali təhsil almaq idi. Mənim üçün Qarabağ Universiteti tamamilə başqa bir məna ehtiva edir, ora bizə şəhidlərimizin mirasıdır. Mən Qarabağdan başqa Universitetidə özümü xəyal edə bilməzdim və bunun üçün ilk 3 yerə Qarabağ Universitetini qeyd etmişdim, qeydiyyatdan keçəndə artıq əmin idim ki, Qarabağ Universitetinin tələbəsi olacağam, cavablar çıxanda ixtisasım üzrə ən yüksək balın məndə olması məni daha da sevindirdi və qürurlandırdı".

"Belə bir sevinc yaşamaq üçün çox çalışmaq lazımdır"

"Mən hazırlaşarkən qarşıma hüquq üzrə təhsil almağı məqsəd qoymuşdum, lakin bunun üçün kifayət qədər balım olmadı, hüquq üzrə təhsil almaq üçün başqa universitetə getməli idim, amma bunu istəmədim. Digər maraq dairəm olan Azərbaycan dili müəllimliyini seçdim, bu sahəni seçməyimin səbəbi isə mövzuya hakim olmağımdır, dövlət imtahanında 96% Azərbaycan dili üzrə, 97% ədəbiyyat fənni üzrə nəticə göstərmişəm".

Qeyd edək ki, Qarabağ Universiteti 2024-cü ilin sentyabr ayında fəaliyyətə başlayıb. Təhsil ocağının tələbə qəbulu üzrə əsas hədəfi müxtəlif ixtisaslarda orta qəbul balını yüksəltməklə universitetə yüksək hazırlıqlı tələbələrin cəlb olunmasıdır.

Xatırladaq ki, Qarabağ Universitetində qəbul prosesi yalnız dövlət sifarişi əsasında aparılır.

mediad%C4%B1in.jpg

Qeyd: material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə​​​​​​ elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması istiqaməti üzrə hazırlanıb.

Şəfa Hüseynli

Digər xəbərlər