Rusiyanın Krasnodar diyarının Yeysk şəhərində qırıcı təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.
"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hadisə nəticəsində 15 nəfər yaralanıb.
***
20:28
Rusiya Prezidenti Vladimir Putin Yeyskdə hərbi təyyarənin qəzaya uğraması nəticəsində zərər çəkənlərə bütün lazımi yardımların göstərilməsi barədə göstəriş verib.
"Operativ Media" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Dövlət başçısı vəziyyətlə bağlı nazirlərin və rayon rəhbərinin məruzələrini dinləyib.
Faktla bağlı artıq cinayət işi başlanılıb.
Qeyd edək ki, “Su-34” təyyarəsi Yeysk şəhərinin Kommunist küçəsində yaşayış binasının həyətinə düşüb. Qəza nəticəsində əmələ gələn yanğın 9 mərtəbəli binaya keçib. Rusiya Müdafiə Nazirliyi qəzanın təyyarə havaya qalxarkən mühərriklərdən birinin alovlanması nəticəsində baş verdiyini bildirib. Həlak olan və yaralananlar barədə hələlik məlumat yoxdur.
***
20:16
Rusiya Müdafiə Nazirliyi Krasnodar diyarının Yeysk şəhərində hərbi təyyarənin qəzaya uğraması ilə bağlı rəsmi məlumat yayıb.
"Operativ Media" xəbər verir ki, 2022-ci il oktyabrın 17-də Cənub Hərbi Dairəsinin hərbi aerodromundan təlim uçuşu yerinə yetirmək üçün hündürlük yığımağa çalışan “SU-34” təyyarəsinin Yeysk şəhərində qəzaya uğradığı bildirilib.
“Katapult edən pilotların məruzələrinə görə, təyyarənin qəzaya uğramasına səbəb uçuş zamanı mühərriklərdən birinin alışması olub. “SU-34”-ün yaşayış məntəqələrindən birinin həyətində qəzaya uğradığı yerdə təyyarənin yanacağı alışıb”, - deyə məlumatda qeyd olunub.
***
20:11
Rusiyanın Yeysk şəhərində təyyarə yaşayış binasının üzərinə düşüb.
"Operativ Media" xəbər verir ki, hadisə nəticəsinə güclü partlayış baş verib, ölən və yaralıların olduğu bildirilir. Hadisə şahidləri yaşayış binasına hərbi təyyarənin çırpıldığını bildiriblər.
Rusiya KİV-in yaydığı məlumata əsasən, qəzaya uğrayan Su-34 qırıcısı olub. Hadisə yerinə çox sayda yanğınsöndürən və Təcili Tibbi Yardım briqadaları cəlb olunub. Pilotun katapult edərək xilas olduğu bildirilib.